D vitamini əsasən günəş şüalarının təsiri ilə orqanizmdə sintez olunur. Bununla belə, onu qida vasitəsilə də qəbul etmək mümkündür. D vitamininin səviyyəsini artıran əsas qidalara siyənək balığı, yumurta sarısı, kərə yağı, sərt pendirlər və digər məhsullar daxildir.
AzEdu.az xəbər verir ki, bu barədə rusiyalı həkim Nikolay Kudaşkin gazeta.ru-ya açıqlamasında bildirib.
"Biz D vitaminini əsasən günəşdən alırıq. Lakin günəşə həddindən artıq məruzqalma dəri xərçənginin inkişafına səbəb ola bilər. Günəşdən gələn ultrabənövşəyi şüalanma dəri xərçəngi üçün ən mühüm risk faktoru hesab olunur. Günəş işığından əlavə, qidalar da D vitamininin mənbəyidir. Bu vitaminlə zəngin qidalara balıq yağı, çəhrayı qızılbalıq, qızılbalıq, skumbriya, siyənək, alabalıq, ilanbalığı, halibut, treska qaraciyəri, yumurta sarısı, kərə yağı, sərt pendirlər və bir sıra digər məhsullar daxildir", - deyə həkim izah edib.
Həkim əlavə edib ki, günəşdən qoruyucu kremlərdən istifadə ultrabənövşəyi şüalanmanın dəriyə zərərli təsirini azaldır. Bu vasitələr xüsusilə həssas dəriyə malik insanlar üçün vacibdir. Belə şəxslərin adətən açıq rəngli gözləri və saçları olur, dəriləri isə zəif qaralır və ya ümumiyyətlə qaralmır, bu səbəbdən də tez yanır.