Bildirlib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasına “hüquqşünaslıq” ixtisası (III qrup) üzrə əyani təhsilə 500, “informasiya təhlükəsizliyi” ixtisası (I qrup) üzrə isə 25 kursantın qəbulu üçün müsabiqə elan edir.
Müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm olan, çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan və həqiqi hərbi xidmətə yararlı sayılan, buraxılış siniflərində (11-ci sinifdə) oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək olan (2026-cı ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq) Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2026-cı ilin yanvar, aprel və iyul aylarında həqiqi hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş və ya barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər, yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum edilmiş (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla) və “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən vətəndaşlar müsabiqəyə buraxılmırlar.
Sənədlərin qəbulu 2025-ci il dekabr ayının 15-dən 2026-cı il fevral ayının 22-dək, bazar günləri istisna olmaqla, hər gün saat 10:00-dan 17:00-dək namizədin daimi yaşadığı inzibati ərazi üzrə polis idarə və ya şöbələrində həyata keçiriləcəkdir.
Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
– şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və surəti);
– təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında DİN-ə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd (attestat);
– yaşayış yeri üzrə arayış;
– yaşayış yeri üzrə tibb müəssisəsindən DİN-ə təqdim olunması üçün sağlamlıq haqqında arayış;
– ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və surəti);
– oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnamə;
– 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).
Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonları:
8880 qaynar xətti, (012) 454-12-78, (012) 590-97-76, (012) 590-99-47.
Polis Akademiyasında təhsilə, eyni zamanda daxili işlər orqanlarında xidmətə qəbulun ilkin şərtlərinə uyğun gələn namizədlərə müvafiq forma üzrə ərizə-öhdəlik yazmaq təklif olunur və onlar abituriyent hesab edilirlər. Abituriyentlər fiziki hazırlıq imtahanı verməlidirlər
Abituriyentlərin fiziki hazırlıq üzrə minimal normativlər aşağıdakılardır:
Turnikdə dartınma - çəkisi 80 kiloqramadək olanlar üçün 10 dəfə, 80 kiloqramdan yuxarı olanlar üçün 8 dəfə;
100 metr məsafəyə qaçış – 15 saniyə; 1000 metr məsafəyə qaçış – 4 dəqiqə;
Qollar üzərində bədənin döşəmədən qaldırılması – 20 dəfə;
Arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 20 dəfə.
Nazirliyin seçmə komissiyasından uğurla keçən abituriyentlər Tibb İdarəsinin Xüsusi həkim komissiyasında müayinə olunmalı və “Polis Akademiyasında təhsilə yararlı” olması barədə rəyi sənədləri toplanan polis orqanına dərhal təqdim etməlidirlər. Komissiyaların işi ilə bağlı şikayətlərə nəticələr elan olunduğu anda abituriyentin komissiya sədrinə müraciəti olduqda baxılır.
Fiziki hazırlıq normativlərindən hər hansı birini yerinə yetirə bilməyən, seçmə və ya həkim komissiyalarından keçə bilməyən, yaxud həkim komissiyasına göndəriş aldığı gündən 15 gün ərzində müvafiq rəyi təqdim etməyən abituriyentlər müsabiqədən kənarlaşdırılırlar.
Müsabiqəyə buraxılan abituriyentlərin siyahısı “hüquqşünaslıq” ixtisası (III qrup) və “informasiya təhlükəsizliyi” ixtisası (I qrup) fənləri üzrə qəbul imtahanlarına buraxılmaları üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndərilir. İmtahanlar Azərbaycan və rus dillərində keçirilir.
Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşdirmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir və abituriyentlər bu məqsədlə həmin Mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.
DİM-in qərarı əsasında seçilmiş abituriyentlərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanır. 18 yaşına çatmayan şəxslərlə müqavilə onların qanuni nümayəndələrinin - valideyninin, övladlığa götürənin və ya himayəçinin yazılı razılığı ilə bağlanılır. Bu şəxslərin Polis Akademiyasına qəbulu müqavilə bağlandıqdan sonra Akademiya rəhbərinin əmri ilə rəsmiləşdirilir və onlar daxili işlər orqanlarının əməkdaşı hesab olunurlar.
Müqavilədə abituriyentlərin daxili işlər orqanlarına könüllü daxil olması, təhsili başa vurduqdan sonra 7 (yeddi) il müddətində daxili işlər orqanlarında xidmət keçmək vəzifəsi, habelə təhsili başa vurduqdan sonra xidmət keçmək istəməyən və ya həmin müddətdə öz arzusu ilə xidmətdən çıxan şəxslərin Polis Akademiyasında onların hazırlanmasına çəkilmiş xərcləri ödəmək öhdəliyi nəzərdə tutulur.
Müqavilənin forması və bakalavrların hazırlanmasına çəkilmiş xərclərin hesablanması qaydası Nazirlik tərəfindən müəyyən edilir. Müqavilə ilə müəyyən edilmiş müddətdə xərclər könüllü ödənilmədikdə məhkəmə qaydasında tutulur.
Polis Akademiyasına qəbul olunmuş kursantlar 14 avqust - 14 sentyabr 2026-cı il tarixlərində Akademiyada ilkin hazırlıq kursuna cəlb edilirlər. Dərslər 15 sentyabrda başlayır, tədris azərbaycan dilində aparılır və təhsil müddəti 4 ildir.
Təhsil müddətində kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunurlar və Akademiyanın ərazisində yerləşən yataqxanada yaşayırlar.
Məzunlara müvafiq olaraq “hüquqşünaslıq” və “informasiya təhlükəsizliyi” ixtisasları üzrə diplom, “polis leytenantı” xüsusi rütbəsi və “ehtiyatda olan leytenant” hərbi rütbəsi verilir və daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.
Qeyd edək ki, Polis Akademiyasına yalnız oğlan abituriyentlərin qəbulu aparılır.