Müəllimlərin psixoloji durumunun yoxlanması ilə bağlı son dövrlərdə səsləndirilən fikirlər, xüsusilə işə qəbul və sertifikasiya prosesi zamanı, həkimdən arayış vasitəsilə yox, test üsulu ilə qiymətləndirilməlidir məsələsi maraq doğurur.
Bu, məktəb daxilində baş verə biləcək problemlərin qarşısını ala bilərmi və təkliflərin tətbiqi nə dərəcədə realdır?
AzEdu.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, müəllimlərin psixoloji durumunu yoxlayan test imtahanı və ya fərdi yoxlanış mərhələsi tətbiq olunsa, bu, müəyyən bürokratik çətinliklər yarada bilər:
“Təəssüf ki, həm müəllimlərə, həm də Elm və Təhsil Nazirliyinə bu istiqamətdə davamlı təkliflər daxil olur və bu, sosial mesaj kimi də qəbul edilə bilər. Düşünülür ki, müəllimlərin psixoloji durumunun yoxlanılması vacibdir. Amma artıq müəllimlərin və direktorların işə qəbulu imtahanları ilə bağlı müəyyən narazılıqlar müşahidə edirik – ‘bu qədər imtahan olmaz, bu qədər sıxışdırmaq olmaz’ kimi fikirlər səslənir.
Əgər bunun üzərinə müəllimlərin psixoloji durumunu yoxlayan test və ya fərdi yoxlanış mərhələsi əlavə olunsa, bu, əlavə bürokratik problemlərə səbəb ola bilər. Yazılı test texniki baxımdan mümkündür; namizəd kompüter qarşısında imtahan verə bilər. Lakin psixoloji durumun qiymətləndirilməsi üçün mütləq fərdi təmas lazımdır ki, bu da mübahisələrə və narazılıqlara yol aça bilər”.
Əlavə psixoloji test və ya ayrıca imtahan mərhələsinin keçirilməsinə ehtiyac yoxdur:
“Hər kəs özünü haqlı sayacaq və rəyin düzgün olmadığını iddia edəcək. Ona görə də, bunun ayrıca test və ya əlavə imtahan formasında reallaşmasını real hesab etmirəm. MİQ-də namizədlər yüksək nəticə göstərdikdə müsahibəyə dəvət olunur və müsahibə zamanı onların həm psixoloji durumu, həm də ümumi davranışı, ilkin təəssüratı nəzərə alınaraq uyğunluğu qiymətləndirilir. Müəllimliyə yararlı olub-olmaması ilə bağlı ilkin qənaət məhz bu mərhələdə formalaşır.
Bu səbəbdən əlavə xüsusi psixoloji test və ya ayrıca imtahan mərhələsinin keçirilməsinə ehtiyac yoxdur. Bu həm cəmiyyət, həm də müəllimlər üçün etimadsız mühit yarada bilər”.