Bakı şəhərində yerləşən Sərhədçi İdman Mərkəzində MMA idman növü üzrə uşaqlar və yeniyetmələr arasında Azərbaycan birinciliyi təşkil olunub.
AzEdu.az xəbər verir ki, iki gün davam edən yarışda Naxçıvan Muxtar Respublikasını “Turan” Döyüş Klubu təmsil edib. Baş məşqçi Xəyal Abdullayevin rəhbərlik etdiyi heyətdə 2 məşqçi və 20 idmançı olub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi heyətin yarışda iştirakına dəstək göstərib. Nəticələrə gəlincə, gərgin və maraqlı mübarizə şəraitində keçən ölkə birinciliyində Naxçıvan təmsilçiləri ümumilikdə 12 medal qazanıblar. Medallardan 4-ü qızıl, 4-ü gümüş və 4-ü bürünc əyarlı olub.
İdmançılardan Əli Qəribov (77 kq), Həmid Əkbərli (71 kq), Nurəddin Əliyev (46 kq) və Rəhim Quluzadə (42 kq) öz yaş və çəki kateqoriyalarında bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıblar. Qadir İsmayılov (77 kq), Ravil Alməmmədov (71 kq), Tunar Hüseynli (57 kq) və Əbülfəz Cəfərov (53 kq) gümüş medalçı olublar. Kamal Mustafazadə (62 kq), Nurəli Əsgər (54 kq), Tunar Abdullayev (42 kq) və Mahir Səfərov (38 kq) yarışı bürünc medalla tamamlayıblar.
Qeyd edək ki, klubun 11 idmançısı 13-15 fevral tarixlərində Bakıda keçiriləcək grapplinq idman növü üzrə Avrasiya çempionatında iştirak edəcək.