“Nəzərə alsaq ki, məktəb direktorlarının işə qəbulu prosesi dövlət ümumtəhsil müəssisələrində Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir, bu yanaşmanın yalnız dövlət məktəbləri ilə məhdudlaşmaması məqsədəuyğun olar. Çünki özəl təhsil müəssisələri də ölkənin gələcək insan kapitalının formalaşmasında birbaşa iştirak edir”.
Bu fikirləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.
Professorun sözlərinə görə, insan kapitalı hər bir dövlətin sosial-iqtisadi inkişafının və milli təhlükəsizliyinin əsas sütunlarından biridir:
“Bu baxımdan dövlətin təhsil sahəsində ümumi nəzarət və tənzimləmə mexanizmlərinin yalnız dövlət deyil, eyni zamanda özəl təhsil müəssisələrinə də şamil olunması zəruridir. Dövlət bilməlidir ki, təyin olunan rəhbər şəxslərin fəaliyyəti çərçivəsində məktəbdə hansı proseslər gedir, idarəetmə necə qurulur, şagirdlərin hüquq və təhlükəsizliyi necə qorunur. Eyni zamanda məktəblə bağlı şəffaflığın və hesabatlılığın təmin olunması da bu konsepsiyanın əsas tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Beynəlxalq təcrübəyə nəzər salsaq, bir çox ölkələrdə özəl təhsil müəssisələri fəaliyyət göstərsə də, onların rəhbər vəzifələrinə təyinat müəyyən dövlət qurumlarının razılığı və ya nəzarəti ilə həyata keçirilir. Məsələn, Türkiyədə özəl universitetlər mövcud olsa da, rəhbər vəzifələrin müəyyənləşdirilməsində Yüksəköğretim Kurulu (YÖK) mühüm rol oynayır. Bu, dövlətin ali təhsil siyasətində vahid standartların qorunmasına xidmət edir və normal idarəetmə mexanizmi kimi qəbul olunur”.
Digər sahələrlə müqayisə apardıqda da oxşar yanaşmanı görə bilərik:
“Məsələn, bank sektorunda idarə heyətinin üzvü və ya yüksək vəzifəli şəxs təyin olunarkən Mərkəzi Bankın razılığı tələb olunur. Bunun əsas məqsədi vətəndaşların əmanətlərinin qorunması və maliyyə sabitliyinin təmin edilməsidir. Dövlət burada tənzimləyici və nəzarətedici rol oynayaraq ictimai maraqları müdafiə edir.
Eyni məntiq təhsil sahəsinə də şamil olunmalıdır. Valideynlər övladlarını məktəbə etibar edirlər. Məktəblər isə yalnız təhsil xidməti göstərmir, həm də uşaqların dünyagörüşünün, dəyərlərinin və vətəndaş mövqeyinin formalaşmasına təsir edir. Əgər banklar insan əmanətini qoruyursa, məktəblər də insan kapitalını formalaşdırır. Bu isə daha strateji və uzunmüddətli əhəmiyyət daşıyır.
Xarici ölkələrin təcrübəsi göstərir ki, Təhsil nazirlikləri və ya müvafiq dövlət qurumları həm dövlət, həm də özəl məktəblər üçün müəyyən tələblər və standartlar müəyyən edir. Bu tələblər idarəetmə, kadr siyasəti, təhlükəsizlik, kurikulum və hesabatlılıq məsələlərini əhatə edir. Məqsəd təhsilin keyfiyyətini və milli maraqlara uyğunluğunu təmin etməkdir.
Bu səbəbdən hesab edirəm ki, özəl təhsil müəssisələrində yüksək vəzifələrə, xüsusilə direktor və digər rəhbər postlara təyinat Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmalı və ya müvafiq qaydada təsdiqlənməlidir”.