Azedu.az

Yeniyetmə cinayətləri artır: Valideynlər məsuliyyət daşımalıdırmı?

Xəbərlər

11 Fevral 2026, 09:06
Yeniyetmə cinayətləri artır: Valideynlər məsuliyyət daşımalıdırmı?
Son illər cəmiyyətimizdə yeniyetmələr arasında cinayət hallarının artması ciddi narahatlıq doğuran sosial problemlərdən birinə çevrilib. Qanunvericiliyə əsasən, yaşı 18-ə çatmayan şəxslər törətdikləri əməllərə görə tam cinayət məsuliyyəti daşımadıqları üçün onlara adətən ev dustaqlığı kimi daha yüngül qətimkan tədbirləri tətbiq olunur. Lakin 18 yaşına çatdıqdan sonra həmin şəxslər artıq həbs cəzası ilə üz-üzə qalırlar.

Bu vəziyyət yeniyetmələrin tərbiyəsi, davranışlarına nəzarət və sosial məsuliyyət məsələlərini daha da aktuallaşdırır. Məhz buna görə də azyaşlıların törətdiyi cinayətlərə görə yalnız onların deyil, valideynlərin də məsuliyyət daşıması və onlara qarşı müəyyən cəza tədbirlərinin tətbiqi məsələsi ictimai müzakirə mövzusuna çevrilib.

Bəs belə olan halda, yeniyetmənin tərbiyəsində və davranışına nəzarətdə əsas rol oynayan valideynlərin törədilən cinayətlərə görə hüquqi və ya inzibati məsuliyyət daşıması nə dərəcədə ədalətli və effektiv olardı?

Mövzu ilə bağlı AzEdu.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev qeyd edib ki, yeniyetmələrdə müşahidə olunan aqressiya və bu aqressiya fonunda törədilən cinayətlər əslində bir nəticədir:

177416

“Biz ilk növbədə bu nəticəni yaradan səbəblərə diqqət yetirməliyik. Əgər hər hansı bir hadisəyə yalnız nəticə prizmasından yanaşaraq cəza tədbirləri üzərində fokuslanırıqsa, bu, problemin köklü həllinə gətirib çıxarmayacaq.

Çünki bu, müvəqqəti və səthi yanaşmadır. Məsələyə daha geniş və kompleks aspektdən baxmaq vacibdir. Əgər valideyn övladının yeniyetməlik dövrünə qədər öz məsuliyyətini dərk etmir, tərbiyə prosesində aktiv iştirak etmir, uşağın hüquqlarının qorunmasına laqeyd yanaşırsa, hesab edirəm ki, bu halda valideyn məsuliyyətə cəlb olunmalıdır.

Bu istiqamətdə qanunvericilik artıq Azərbaycanda da tətbiq edilməlidir. Qəyyumluq komissiyalarının səlahiyyətləri yenidən nəzərdən keçirilməli, ümumilikdə bu komissiyalar icra hakimiyyətinin tabeliyindən çıxarılmalıdır. Sosial xidmət siyasətinə də yenidən baxılmalıdır. Sosial xidmət yalnız qayğı funksiyası ilə məhdudlaşmamalı, eyni zamanda uşaqların hüquqlarının müdafiəsi istiqamətində real və konkret səlahiyyətlərə malik olmalıdır.

Əgər valideyn öz funksiyasını yerinə yetirmirsə, uşaq həmin valideynin himayəsində saxlanılmamalı, dövlət nəzarətinə verilməlidir. Çünki uşaq böyüyüb yetkinlik yaşına çatdıqdan sonra cinayət törədirsə, bu artıq gecikmiş nəticədir. Məsələn, həll yolu kimi valideynlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutsaq, sabah həmin valideyn övladından imtina edərsə, bu halda nə edəcəyik?

Məhz buna görə də düşünürəm ki, bu məsələyə kompleks yanaşma vacibdir. Valideyn əvvəldən öz məsuliyyətini və səlahiyyətlərini aydın şəkildə dərk etməlidir.

Bu problem yalnız Azərbaycana xas deyil, dünyanın bir çox ölkəsində mövcuddur. Ona görə də hesab edirəm ki, əsas diqqət ilk növbədə səbəblərin araşdırılmasına yönəldilməlidir".

Raketlər İrana tuşlandı - Hücum başlayır
Son xəbərlərDaha çox