Azərbaycanda 620 minə yaxına uşaq aylıq sosial ödəniş ilə təmin edilir. Bura müxtəlif kateqoriyalar üzrə, o cümlədən əlillik, ailə başçısını itirmə, aztəminatlı, hərbi qulluqçu və s. aylıq sosial ödənişlər daxildir. Bu göstərici 2019-cu ildə 565 min nəfər idi. Göründüyü kimi, birbaşa sosial dəstək alan uşaqların sayında son illər artımlar qeydə alınmaqdadır.
AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, uşaq hüquqlarının qorunmasında vacib məqamlardan biri də inkluzivliyin güclənməsidir. Rəsmi statistikaya görə, Azərbaycanda xüsusi ümumtəhsil məktəblərin sayı 3273-dir. Eyni zamanda 4282 məktəbin yalnız 1346-sında ümumi təyinatlı və inteqrasiya təlimli təhsil müəssisələrində təşkil edilmiş siniflər fəaliyyət göstərir. Azərbaycan cəmiyyətininin inkişafında inkluzivliyin prioritet istiqamətlərdən olduğunu nəzərə alsaq inteqrasiya olunmuş siniflərin sayının artırılması vacibdir.
“Uşaqların hüquqların qorunması və cəmiyyətin inkişafında rolunun gücləndirilməsi üçün onlar ilə həm ailə daxilində, həm də təhsil aldıqları müəssisələrdə davamlı iş aparılması zəruridir. Rəsmi statistikaya əsasən, 2024-cü ildə 14-17 yaşında olan 472 uşaq tərəfindən cinayət törədilmişdir. Cinayət sayı 2023-cü ilə nisbətə azalsa da 5 il öncə ilə müqayisədə artıb. Belə ki, 2020-ci ildə bu göstərici 388 idi.
Digər tərəfdən, 2024-cü ildə 21384 boşanma qeydə alınıb. Boşanan 11 min 20 ailədə uşaqların olduğunu nəzərə alsaq bu kateqoriya ailələrdə uşaqların hüquqların daha yaxından qorunması aktuallaşmaqdadır. Qanun layihəsi bu sahədə hüquqi bazanın daha da möhkəmləndirilməsinə imkan verəcək” – deyə vüqar Bayramov qeyd edib.