İcra hakimiyyəti başçıları rayonların sosial-iqtisadi inkişafında və dövlət siyasətinin yerli səviyyədə icrasında əsas fiqurlardan sayılır. Onların fəaliyyəti əhalinin rifahına, idarəetmədə şəffaflığa birbaşa təsir göstərir. Bu vəzifəni icra edən şəxslərin peşəkar hazırlığı və idarəçilik bacarıqları isə xüsusi əhəmiyyət kəsb edir.
Məhz buna görə də icra başçılarının təhsil və karyera yolu ictimai maraq doğurur.
AzEdu.az Lənkəran-Astara iqtisadi rayonuna daxil olan rayonların icra başçılarının təhsil yolları ilə bağlı yazı hazırlayıb.
Qeyd edək ki, Lənkəran-Astara regionuna Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonları daxildir.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Ağayev Qəzənfər Arif oğlu 2 noyabr 1961-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub.
1990-ci ildə Azərbaycan Texnologiya İnstitutunu, 2002-ci ildə Azərbaycan İqtisad Universitetini bitirib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Cəlilov Rafiq Əsgər oğlu 1963-cü il 13 yanvar tarixində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirmişdir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Azay oğlu Qaraşov - 20 may 1959-cu ildə Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olmuşdur.
1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 1987-ci ildə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunu bitirmişdir. İxtisası inşaatçı-mühəndis və Politoloqdur.
![]()
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Bəxtiyar oğlu Abbasov- 1 fevral 1988-ci ildə anadan olub.
2004–2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində “Ümumi iqtisadiyyat” ixtisası üzrə təhsil alaraq universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Təhsil müddətində Prezident təqaüdünə layiq görülmüşdür.
2008–2009-cu illərdə Avropa London Biznes Məktəbində “Maliyyə menecmenti” ixtisası üzrə magistratura təhsili almışdır.
2017–2020-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasında “Texnoloji innovasiyalar iqtisadiyyatı” ixtisası üzrə doktorantura təhsilini davam etdirmişdir.

Masallı rayon İcra Hakimiyyətinin Başçısı Araz Süleyman oğlu Əhmədov 1963-cü ildə Naxçıvan MR-in Ordubad rayonunun Biləv kəndində anadan olub.
Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirib.

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Əsgərov Ayaz Nəriman oğlu, 1964-cü ildə Tovuz rayonu, Qovlar qəsəbəsində anadan olmuşdur.
1989-cu ildə Moskva Ət və Süd Məhsullarının Texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdir.