11-ci sinif buraxılış imtahanlarına az vaxt qalıb. İmtahanlar iki zona üzrə və fərqli tarixlərdə keçirilir. Lakin hər il abituriyentlər arasında belə iddialar səslənir ki, birinci zonada təqdim olunan imtahan sualları daha asan, ikinci zonada isə nisbətən daha çətin olur. Bu fərqlərin mövcudluğu isə abituriyentlər arasında narazılıq və ədalətsizlik hissinin formalaşmasına səbəb olur.
Bəs, həqiqətən də zonalar arasında imtahan suallarının çətinlik səviyyəsində hər hansı bir fərq olurmu? Bu iddialar nə dərəcədə realdır?
AzEdu.az-a mövzu ilə bağlı 2023-cü ildə "İlin gənc müəllimi" müsabiqəsinin qalibi, repetitor müəllim və hazırlıq kursu olan Xəzri Muradovla həmsöhbət olduq.

O, qeyd edib ki, fərq suallarda deyil, situasiyadadır:
"Bu sual demək olar ki, hər il səslənir və cəmiyyət üçün həssas mövzudur. Açıq demək lazımdır ki, imtahan zonalara bölündüyünə görə şagirdlərə elə gəlir ki, suallar zonalar arasında ya daha çətin, ya da daha asan olur. Amma bu məsələ daha çox psixoloji amillərlə bağlıdır.
Necə deyərlər: kənardan döyüş asan görünür. Birinci zona imtahan verdikdən sonra digər zonanın şagirdləri həmin suallara baxır və düşünür ki, “çox asan olub, mənə düşsəydi hamısını yazardım”. Lakin öz zonası imtahan verəndə artıq eyni şagird düşünür ki, “bizim suallar daha çətin idi”. Əslində isə fərq suallarda deyil, situasiyadadır".
Kənarda, isti yerdə və yumşaq döşəkdə sualları cavablandırmaq əlbəttə daha rahat görünür:
"Sənə vaxt təyin edilməyib, nəzarətçi yoxdur, üç fənnin vaxt bölgüsünü düşünmürsən. Amma imtahan zalında vəziyyət tamam fərqlidir: psixoloji basqı, vaxt məhdudiyyəti (məsələn, 3 saat ərzində 3 fənn üzrə nəticə göstərmək), illərlə çəkilən zəhmətin taleyi, "müəllimlərə və valideynlərə necə cavab verəcəyəm?" düşüncəsi - bütün bunlar bir araya gələndə təkcə suallar ağırlaşmır, insanın ruh halı da ağırlaşır.
Məhz bu psixoloji yük səbəbindən şagirdə elə gəlir ki, onun imtahanı digər zonaya nisbətən daha çətin olub. Halbuki DİM-in uzun illərə söykənən imtahan təcrübəsinə baxdıqda görürük ki, bərabər imkan prinsipi hər zaman qorunur. Sualların çətinlik səviyyəsi statistik analizlərlə balanslaşdırılır və nəticələr ümumi göstəricilərlə müqayisə edilir.
Ən maraqlısı isə budur ki, bir il sonra həmin suallara yenidən baxanda çoxları belə deyir: "Əslində o qədər də çətin deyildi". Bu da bir daha göstərir ki, məsələ sualın özündən çox, imtahan anındakı psixoloji vəziyyətlə bağlıdır.
Yekun olaraq deyə bilərik ki, zonalar arasında sistemli şəkildə çətinlik fərqi yaradılması real deyil. Bu iddialar daha çox imtahan stresinin yaratdığı subyektiv təəssüratdır".