Azedu.az

Bir hadisə, çox sual: Məktəblərdə psixoloq var, amma nəzarət YOXDUR

Xəbərlər

9 Fevral 2026, 09:17
Bir hadisə, çox sual: Məktəblərdə psixoloq var, amma nəzarət YOXDUR

İdrak liseyində baş verən hadisə ictimaiyyətin diqqətini məktəblərdə təhlükəsizlik və şagirdlərin psixoloji rifahı məsələsinə yönəltdi. Hadisə bir daha göstərdi ki, yalnız müəllimlərin sayı və cinsi balansı deyil, məktəb daxilində şagirdlərə göstərilən psixoloji dəstək də mühüm rol oynayır. Orta məktəblərdə fəaliyyət göstərən psixoloqlar bu baxımdan əsas funksiyanı yerinə yetirirlər.

Maraqlıdır, məktəb psixoloqları şagirdlərlə mütəmadi olaraq necə işləməlidir və onların emosional rifahını hansı mexanizmlərlə izləməlidirlər?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Əməkdar müəllim, sabiq deputat Sona Əliyeva qeyd edib ki, baş verən hadisə bir daha xatırlatdı: məktəbdə təhlükəsizlik yalnız giriş qapısındakı nəzarət və ya kameralarla məhdudlaşmır.

177325

“Təhlükəsizlik, hər şeydən əvvəl, uşağın daxili dünyasında baş verənləri vaxtında görməkdir. Çünki beynəlxalq psixoloji və pedaqoji araşdırmalar da göstərir ki, zorakılıq, aqressiya və riskli davranışlar adətən birdən-birə yaranmır, onların əvvəlcədən görünən emosional siqnalları olur. Bu siqnalları oxuyan əsas şəxs isə məktəb psixoloqudur.

Məktəb psixoloqunun işi yalnız problem yarananda otağa çağırılan formal bir vəzifə olmamalıdır. Sistemli yanaşma tətbiq edilməlidir. Şagirdlərin psixoloji vəziyyəti mütəmadi skrininqlərlə izlənməli, davranış dəyişiklikləri qeydə alınmalı, risk qrupuna düşən uşaqlarla planlı fərdi görüşlər keçirilməlidir. Sosial-emosional bacarıqların inkişafına yönəlmiş profilaktik proqramlar isə aqressiya və zorakılığın qarşısını alan ən effektiv vasitələrdəndir. Elmi araşdırmalar sübut edir ki, erkən xəbərdarlıq və davamlı müşahidə məktəb mühitində psixoloji təhlükəsizliyi real şəkildə gücləndirir".

Bu prosesdə valideyn faktoru həlledici rol oynayır:

“Psixoloq valideynlə yalnız problem yarananda deyil, davamlı əlaqədə olmalıdır. Uşağın davranışındakı dəyişikliklər barədə vaxtında məlumat verilməli, risk siqnalları müşahidə edildikdə məktəb və ailə birgə müdaxilə planı qurmalıdır. Araşdırmalar göstərir ki, məktəb–valideyn əməkdaşlığı güclü olan məktəblərdə psixoloji problemlər gecikmədən aşkarlanır və ağırlaşma riski azalır.

Əgər şagirddə ciddi psixoloji və ya sosial problem müəyyən edilərsə, psixoloq ilkin qiymətləndirmə aparmalı, məktəb rəhbərliyini məlumatlandırmalı və valideynlərlə dərhal işləməlidir. Zərurət yarandıqda uşaq psixiatrı, klinik psixoloq, sosial xidmət strukturları və uşaq müdafiə mexanizmləri ilə koordinasiyalı əməkdaşlıq qurulmalıdır. Təhlükə riski formalaşarsa, hüquq-mühafizə orqanlarının və aidiyyəti təhsil qurumlarının prosesə cəlb olunması artıq seçim deyil, zərurətdir.

İdrak liseyində baş verən hadisə daha bir həqiqəti açıq şəkildə göstərdi: məktəbdə psixoloji xidmət formal deyil, sistemli və elmi əsaslı olmalıdır. Çünki uşağın emosional rifahı qorunmadan məktəbdə real təhlükəsizlikdən danışmaq mümkün deyil.

Profilaktik tədbirlər isə nəinki məktəbdə təhlükəsiz mühit yaradır, həm də gənclərin səhv addım atmasının qarşısını alaraq onların gələcəyini qoruyur. Zamanında bu cür müdaxilələr həyata keçirilsəydi, demək olar ki, məktəbdə belə acınacaqlı hadisə də baş verməzdi. Bu cür hadisələr yalnız insident törədən bir gəncin deyil, ümumilikdə ailənin, məktəbin və ətraf mühitin həyatına mənfi təsir göstərir. Odur ki, bu kimi hallara biganə qalmaq olmaz".

Ukrayna buranı azad etdi - Putin orduya təcili əmr verdi
Son xəbərlərDaha çox