“İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib. Hadisə zamanı o, 29 yaşlı müəlliməsinə ov tüfəngi ilə atəş açaraq xəsarət yetirib.
Məktəb rəhbərliyindən bildirilib ki, şagird tüfəngi çantasında gətirib və hadisə ehtiyatsızlıq nəticəsində baş verib. Bəs günahkar kimdir: evdən çıxarkən övladına nəzarət etməyən valideyn, yoxsa şagirdlərin təhlükəsizliyini təmin edə bilməyən lisey?
AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev açıqlama verib.
O, qeyd edib ki, səbəbi nə olursa olsun, ilkin günahkar ailədir:
""İdrak liseyində" 10-cu sinif şagirdinin müəlliməyə odlu silahdan atəş açması hadisəsi ilə oyandıq. Həqiqətən də, çox dəhşətli bir hadisədir. Şagird evdən odlu silahı götürür, məktəbə gətirir və müəlliməyə xəsarət yetirir.
Burda birmənalı olaraq günahkar valideyindir. Çünki valideyn odlu silahı uşağın görə biləcəyi yerə qoymamalıdır. Ən azından güllə və patronlarını gizlətməlidir. Valideyn diqqətsizliyi və səhlənkarlığı böyük bir faciəyə səbəb oldu. Belə bir sual da formalaşır: azyaşlı uşaq silahdan istifadəni necə öyrənib? Bəlkə bunun istifadəsini də valideyn öyrədib? Bunlar da hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır.
Səbəbi nə olursa olsun, ilkin günahkar ailədir. Çünki hər bir uşaq ailənin güzgüsüdür. Məktəbdə, küçədə, marketdə hər yerdə uşaq ailəsini təmsil edir, ona verilən tərbiyəni nümayiş etdirir".
Yanlış ailə tərbiyəsi və məsuliyyətsiz məktəb idarəçiliyi bir müəllimin həyatına acı xatirələrlə iz buraxdı:
"Bu məsələdə məktəbin də məsuliyyəti diqqətdən yayınmamalıdır. Özəl lisey kimi fəaliyyət göstərən təhsil müəssisəsi ilkin olaraq girişdə təhlükəsizlik tədbirlərinə diqqət yetirməlidir. Uşaqda hər hansı bir psixoloji hədd formalaşıbsa, sinif rəhbəri və məktəb psixoloqu mütəmadi görüşlər keçirməli idi. Uşağın o həddə gətirilməsi səbəbləri də araşdırılmalıdır, əlbəttə. Amma bu uşağın atdığı addıma qəti haqq qazandırmır.
Birmənalı olaraq, məktəblərdə təhsilverənlərin və təhsilalanların hüquq və vəzifələri mütləq onlara öyrədilməlidir. Bu istiqamətdə məktəb rəhbərliyi məsuliyyət daşıyır. Bizim milli-mentalitetdə şagirdin müəlliməyə əl qaldırması qəti şəkildə yolverilməzdir.
Əlbəttə, hadisəyə hüquqi qiyməti hüquq-mühafizə orqanları verəcək. Hadisənin təfərrüatları araşdırılacaq, günahkarlar müəyyən ediləcək. Bizim yanaşmamız sadəcə məsələnin acı həqiqətlərinin səbəblərinin bir daha olmaması üçün ictimaiyyəti diqqətli olmağa çağırışdır.
Amma çox təəssüflər olsun ki, yanlış ailə tərbiyəsi və məsuliyyətsiz məktəb idarəçiliyi bir müəllimin həyatına acı xatirələrlə iz buraxdı. Bir şagirdin həyatını və gələcəyini məhv etdi".