Azedu.az

Minlərlə manat xərclənən özəl məktəblər həqiqətən təhlükəsizdirmi?

Xəbərlər

6 Fevral 2026, 15:25
Minlərlə manat xərclənən özəl məktəblər həqiqətən təhlükəsizdirmi?

Bu gün “İdrak” liseyində baş verən insident artıq ölkə gündəmində əsas müzakirə mövzusuna çevrilib. Hamı hadisədən xəbərdardır və sosial şəbəkələrdən tutmuş mediaya qədər hər kəs məsələni müzakirə edir. 10-cu sinif şagirdinin müəlliməsinə ov tüfəngi ilə atəş açması, təhsil müəssisələrində təhlükəsizlik və valideyn məsuliyyəti ilə bağlı sualları gündəmə gətirib.

Valideynlər isə, əsasən, məhz özəl təhsil müəssisələrinə üstünlük verirlər. Bunun əsas səbəbi özəl məktəblərin istər bağçalar, istər orta məktəblər, istərsə də ali təhsil müəssisələri səviyyəsində valideynlərə güclü mühafizə, daimi kamera nəzarəti və təhlükəsizlik vədləri ilə təqdim olunmasıdır.

Lakin reallıq göstərir ki, bu günə qədər dövlət məktəblərində şagird tərəfindən müəllimin güllələnməsi faktı qeydə alınmayıb. Bu isə aparılan reklamların yaratdığı “təhlükəsiz təhsil mühiti” təəssüratını ciddi şəkildə təkzib edir.

Bu baxımdan sual yaranır: nəyə görə özəl təhsil müəssisələrində güclü nəzarət təmin olunmur və baş verən bu hadisədən sonra valideynlərin özəl məktəblərə üstünlük verməsinə bu nə dərəcədə təsir göstərəcək? Özəl təhsil müəssisələrinə müraciətlərin sayı azalacaqmı?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi açıqlama verib.

Əvvəlki dövrlərlə müqayisədə, şagird sayında, xüsusilə növbətçi siyahılardan başlayaraq, müəyyən qədər azalma müşahidə olunacaq:

“Belə bir situasiyanın baş verməsi, təbii ki, xoşagələn və arzuolunan deyil. Ümumiyyətlə, bu kimi insidentlərin təhsil mühitində baş verməsi çox ağır və acılı bir vəziyyətdir.

Bütün özəl təhsil müəssisələri özlərini xüsusi vədlərlə və göstərəcəkləri xidmət paketləri ilə valideynlərə təqdim edirlər. PR, marketinq və digər üsullardan istifadə etməklə valideynləri cəlb etməyə çalışırlar. Bu xidmətlərə şagirdlərin qidalanmasından tutmuş təhsil təminatına, sağlamlıqlarına və yüksək təhsil vədlərinə qədər geniş spektr daxildir.

Lakin bu hadisə artıq göstərdi ki, bəzi özəl təhsil müəssisələri təqdim etdikləri xidmət paketi və tədris modeli baxımından real gözləntiləri doğrultmur. Birinci növbədə, nəzarət məsələsinə baxsaq, demək olar ki, o, mövcud deyil. Əgər nəzarət olsaydı, şagird çantasında belə bir silah məktəb ərazisinə keçirilə bilməzdi.

Direktor açıqlamasında bildirir ki, şagird odlu silahı çantasında gətirib. Burada sual yaranır: şagird çantasının ölçüsü nə qədər böyük olub ki, tüfəng ora sığsın? Bu açıqlama özü-özlüyündə absurd təsiri bağışlayır.

İkincisi, əgər silah çantada keçirilibsə, niyə çanta yoxlanılmayıb? Niyə girişdə rentgen cihazları yoxdur? Əgər mühafizə xidməti mövcuddursa, niyə silahın məktəbə keçirilməsi aşkar edilməyib? Təbii ki, bu məsələlərlə bağlı hüquq-mühafizə orqanları artıq araşdırma aparır və yaxın zamanda daha dəqiq məlumatlar açıqlanacaq”.

Bu hadisə digər özəl təhsil müəssisələri üçün də ciddi xəbərdarlıq xarakteri daşımalıdır:

“Bu fakt bir daha göstərir ki, bəzi özəl təhsil müəssisələri daxili rəqabətə daha çox önəm verərək təhlükəsizlik məsələlərinə lazımi diqqəti ayırmırlar. Baş verən insident digər özəl təhsil müəssisələri üçün də xəbərdarlıq rolunu oynayacaq və onları mövcud boşluqları aradan qaldırmağa məcbur edəcək.

Ümumilikdə, valideynlərin özəl təhsil müəssisələrinə münasibətində tam etimadsızlıq yaranmayacaq. Lakin bu hadisə onların daha ehtiyatlı və düşünülmüş qərar vermələrinə səbəb olacaq. Yəni valideynlər övladlarını özəl məktəblərə yerləşdirərkən artıq daha diqqətli davranacaqlar.

Şagird sayına gəldikdə isə, bu hadisənin müəyyən qədər təsiri qaçılmazdır. Əvvəlki dövrlərlə müqayisədə, xüsusilə növbətçi siyahılardan başlayaraq, şagird sayında müəyyən qədər azalma müşahidə olunacaq”.

Putinin generalı G*ÜLLƏLƏNDİ - Rusiyada ara qarışır
Son xəbərlərDaha çox