Azedu.az

Fevralın sonunda planetlərin böyük paradı gözlənilir

Xəbərlər

5 Fevral 2026, 09:52
Fevralın sonunda planetlərin böyük paradı gözlənilir

Fevralın 28-i axşam saatlarında səmada maraqlı astronomik hadisə - planetlərin böyük paradı izləniləcək.

AzEdu.az-a bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından bildirilib.

Qeyd olunan tarixdə Günəş batdıqdan sonra səmanın müəyyən sektorunda altı planet - Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptun eyni anda görünəcək.

Bu proses zamanı planetlərdən dördünü adi gözlə, ikisini isə yalnız optik cihazlarla görmək mümkün olacaq. Bu cür hadisələrə nadir hallarda rast gəlinir və axşam vaxtı müşahidə üçün əlverişli şəraitin olması onu daha maraqlı edir.

Səmanın ən parlaq cisimlərindən sayılan Venera, həmçinin Yupiter və Saturn rahatlıqla seçiləcək. Merkuri üfüq xəttinə yaxın yerləşdiyi üçün onu izləmək məqsədilə dənizkənarı və ya şəhərdənkənar, üfüqü açıq ərazilərə üz tutmaq məsləhətdir. Uran və Neptunu isə ancaq teleskop və ya binokl vasitəsilə görmək olar. Bakıda ən uğurlu müşahidə zamanı saat 19:10-dan 20:30-dək olan müddəti əhatə edəcək.

Astronomiya elmində planetlərin paradı iştirak edən göy cisimlərinin sayına əsasən qruplaşdırılır. Belə ki, üç-dörd planet kiçik, beş planet orta, altı və daha çox planet isə böyük parad hesab olunur.

Fevralın 28-də altı planetin eyni anda səhnəyə çıxması bu hadisəni planetlərin böyük paradı sinfinə aid edir. Bu tip hadisələr orta hesabla 10-20 ildə bir dəfə reallaşır, xüsusilə axşam saatlarında belə əlverişli görüntü imkanı isə daha nadir baş verir.

Qeyd etmək lazımdır ki, planetlər yalnız səma proyeksiyasında bir xətt üzrə düzülmüş kimi görünür, reallıqda isə bir-birinə yaxınlaşmır. Planetlərin paradı Yer kürəsinə heç bir cazibə, seysmik, iqlim və ya maqnit təsiri göstərmir. İnsan səhhəti və təbiət üçün də tam zərərsizdir. Bu, sadəcə, vizual xarakter daşıyan təhlükəsiz astronomik təbiət hadisəsidir.

Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!
Son xəbərlərDaha çox