Paytaxtın 163 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiyatsızlıq nəticəsində pəncərədən yıxılan şagirdin son vəziyyəti açıqlanıb.
AzEdu.az xəbər verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Kliniki Tibbi Mərkəzindən bildirilib ki, fevralın 4-də, saat 08:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, 163 nömrəli orta məktəbdən yıxılma səbəbi ilə çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2010-cu il təvəllüdlü şəxs (kişi) sol biləyin sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Almacıq sümüyünün, bel fəqərələrinin, qabırğa və sol dabanın sınıqları diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda həmin şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.