Qərbi Avstraliya ştatının cənubunda yerləşən Coqraf (Geographe) körfəzində dənizə açılan ailə güclü külək nəticəsində sahildən uzaqlaşsa da, 13 yaşlı yeniyetmənin göstərdiyi fədakarlıq ailə üzvlərinin həyatını xilas edib.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, kanoe və hava döşəyi ilə dənizə çıxan ailə şiddətli küləyin təsiri ilə axına düşərək sürüklənib.
Polis açıqlamasında bildirilib ki, küləyin şişmə qayıqları istiqamətdən çıxarması nəticəsində 13 yaşlı uşaq kömək çağırmaq üçün sahilə doğru hərəkət etməyə qərar verib.
Kanoesinə su dolması səbəbindən dənizə atılan yeniyetmə təxminən 4 kilometr məsafəni üzərək qət edib. Daha sürətli irəliləmək üçün o, bir müddət sonra əynindəki xilasetmə jiletini də çıxarıb. Təxminən dörd saat davam edən mübarizədən sonra sahilə çatan uşaq axşam saat 18:00 radələrində aidiyyəti qurumlara məlumat verib.
Yeniyetmənin verdiyi məlumat əsasında Quindalup çimərliyi yaxınlığında genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı başlanıb. Nəticədə 47 yaşlı ana və 12 və 8 yaşlarında olan iki uşaq sahildən 14 kilometr məsafədə tapılıb. Xilasetmə helikopteri tərəfindən aşkarlanan ailə üzvləri könüllü dəniz xilasetmə qrupları tərəfindən salamat şəkildə sahilə çıxarılıb.
Naturaliste Könüllü Dəniz Xilasetmə Qrupunun komandiri Pol Bresland yeniyetmənin davranışını “insanüstü səy” kimi qiymətləndirib. Polis isə dəniz şəraitinin sürətlə dəyişə biləcəyinə diqqət çəkərək, ailə üzvlərinin xilasetmə jiletləri sayəsində sağ qaldığını vurğulayıb.
Xəstəxanaya yerləşdirilən ailə üzvlərinin səhhətinin yaxşı olduğu bildirilib. Onlar müalicədən sonra xilasetmə əməliyyatında iştirak edən qruplara təşəkkür ediblər.