Azedu.az

Avropa İttifaqı uşaqlara sosial media qadağasını müzakirə edir

Xəbərlər

2 Fevral 2026, 17:20
Avropa İttifaqı uşaqlara sosial media qadağasını müzakirə edir

Avropa İttifaqı (Aİ) Komissiyası uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulması məsələsini ciddi şəkildə nəzərdən keçirir.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, qurum rəsmiləri bu istiqamətdə bütün mümkün variantların masada olduğunu və Aİ miqyasında vahid tənzimləmənin tətbiqi imkanlarının araşdırıldığını vurğulayıblar.

Məsələ ilə bağlı keçirilən gündəlik mətbuat konfransında Aİ Komissiyasının sözçüsü Tomas Renye jurnalistlərin suallarını cavablandırıb. O qeyd edib ki, uşaqların rəqəmsal təhlükəsizliyini təmin etmək məqsədilə üzv ölkələrlə sıx əməkdaşlıq çərçivəsində məsləhətləşmələr davam etdirilir.

Renye bildirib ki, hazırda Komissiya konkret qərar verməzdən əvvəl prosesi peşəkar səviyyədə idarə etmək niyyətindədir. Bu məqsədlə xüsusi ekspertlər paneli yaradılır. Məhz həmin mütəxəssis qrupunun rəy və tövsiyələrindən sonra qanunvericilik səviyyəsində hansısa addımın atılıb-atılmayacağı bəlli olacaq.

Prosesə inklüziv yanaşma sərgiləndiyini deyən sözçü, ekspertlərin müxtəlif sahələri təmsil edəcəyini vurğulayıb. Hazırda işlərin ilkin mərhələdə olduğunu qeyd edən Renye, qadağanın tətbiqi və ya digər tənzimləmə mexanizmləri ilə bağlı hələlik dəqiq bir vaxt cədvəlinin müəyyən edilmədiyini əlavə edib.

Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!
Son xəbərlərDaha çox