2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra, xüsusilə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından etibarən ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakına geniş imkanlar yaradılıb.
Eyni zamanda Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasəti gənclərin potensialının üzə çıxarılmasına, onların vətənpərvər, savadlı və peşəkar kadrlar kimi formalaşmasına, eləcə də gənc ailələrin sosial təminatının gücləndirilməsinə yönəlib. Bu tədbirlər dövlətin ardıcıl və uzaqgörən siyasətinin bariz nümunəsi kimi dəyərləndirilir.
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, deputat Fariz İsmayılzadənin sözlərinə görə, Azərbaycan gənc ölkə kimi demoqrafik artım amilini nəzərə alaraq gənclər siyasətinə xüsusi önəm verir:

"Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda əhali artımı yüksək templə davam edir ki, bu da gənclərin sayının artmasına şərait yaradır. Gənclərin yüksək keyfiyyətli təhsil alması və layiqli işlə təmin olunması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu yanaşma bir tərəfdən ölkənin iqtisadi inkişafı üçün möhkəm təməl formalaşdırır, digər tərəfdən isə ictimai sabitliyin qorunmasına xidmət edir.
Təsadüfi deyil ki, gənclərin inkişafını dəstəkləmək məqsədilə xaricdə təhsil proqramları təsis olunub və minlərlə gənc dövlət hesabına nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı qazanıb. Bununla yanaşı, gənclər təşkilatlarına qrantlar ayrılır, onların ictimai fəallığı stimullaşdırılır. Ölkədə yeni universitetlərin yaradılması, müasir təhsil ocaqlarının açılması da həyata keçirilən gənclər siyasətinin mühüm tərkib hissəsidir.
Bütün bu tədbirlərin əsas məqsədi savadlı, bilikli, güclü və rəqabətqabiliyyətli gəncliyin formalaşdırılmasıdır. Belə bir gənclik isə iqtisadi potensiala malik olaraq Azərbaycanın davamlı və firavan inkişafına mühüm töhfə verir".
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Vasif Qafarov qeyd edib ki, 2 Fevral Gənclər Günü Azərbaycanda sadəcə təqvim günü yox, dövlətin gənclərə verdiyi strateji dəyərin rəmzidir:

"Müstəqillikdən sonra xüsusilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə gənclər siyasəti sistemli və məqsədyönlü xarakter aldı. Gənclərin ictimai-siyasi proseslərə cəlb edilməsi, idarəetmədə təmsil olunması, təhsil və karyera imkanlarının genişləndirilməsi gələcəyin məhz gənclər üzərindən qurulduğunu göstərirdi.
Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl və sistemli şəkildə davam etdirilir.
Gənclərin intellektual potensialının üzə çıxarılması, startaplara, innovasiyalara, idmana, könüllülük hərəkatına verilən dəstək, eləcə də gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi dövlətin uzunmüddətli inkişaf strategiyasının əsas sütunlarındandır. Xüsusilə Vətən müharibəsində gənclərin göstərdiyi qəhrəmanlıq bu siyasətin real nəticəsini ortaya qoydu. Bu gün biz gənclərdən danışanda böyük qürur və fərəh hissi ilə deyə bilərik ki, vətənpərvər, məsuliyyətli və peşəkar bir gənc nəsil formalaşıb.
Bu gün gənclərin qarşısında duran əsas məsələ yaradılan imkanlardan maksimum səmərəli istifadə etmək və işlərinə məsuliyyətlə yanaşmaqdır. Dövlət şərait yaradır, gənclər isə bilik, təşəbbüs və fəallıqla bu etimadı doğrultmalıdır.Bir sözlə, Gənclər Günü keçmişə hörmət, bu günə inam və gələcəyə məsuliyyət çağırışıdır".