Bu gün Azərbaycan xalqının böyük oğlu, milli istiqlal ideologiyasının banisi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
M.Ə.Rəsulzadə yalnız bir siyasətçi deyil, eyni zamanda dərin düşüncəli ziyalı, publisist, milli şüurun formalaşmasında müstəsna xidmətləri olan böyük şəxsiyyət idi. Onun həyatı və mübarizəsi bir millətin azadlıq arzusunun, dövlətçilik iradəsinin təcəssümüdür.
1918-ci ildə Şərqdə və müsəlman aləmində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasında Rəsulzadənin rolu əvəzsizdir. Onun “Bir kərə yüksələn bayraq bir daha enməz” fikri bu gün də müstəqil Azərbaycanın ideoloji sütunlarından biri kimi səslənir və gənc nəsil üçün milli qürur mənbəyidir.
M.Ə.Rəsulzadə xalqın maariflənməsini, milli dəyərlərə söykənən təhsilin inkişafını dövlətin gələcəyi üçün əsas şərt hesab edirdi. O inanırdı ki, azad və güclü dövlət yalnız savadlı, vətənpərvər və düşünən gənclərin üzərində qurula bilər. Bu baxımdan onun ideyaları bu gün də aktuallığını qoruyur.
Bu böyük şəxsiyyətin irsini yaşatmaq, onun ideyalarını gənc nəslə aşılamaq hər bir müəllimin, hər bir ziyalının mənəvi borcudur. M.Ə.Rəsulzadəni anmaq təkcə keçmişi xatırlamaq deyil, eyni zamanda gələcəyə daha məsuliyyətlə baxmaq deməkdir.
Doğum günündə böyük mütəfəkkiri ehtiramla yad edir, onun ideyalarının daim yaşamasını arzulayırıq.
Leyla Məmmədova
