Azedu.az

“Qarabağda çalışan bir gənc üçün böyük sevincdir” - Prezident mükafatçısı

Xəbərlər

30 Yanvar 2026, 17:53
“Qarabağda çalışan bir gənc üçün böyük sevincdir” - Prezident mükafatçısı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında" Sərəncam imzalayıb.

Mükafata layiq görülənlərdən biri də Məmmədova Lamiyə Famil qızıdır

AzEdu.az Lamiyə Məmmədova ilə əlaqə saxlayıb təəssüratlarını öyrənib.

"2000-ci ildə anadan olmuşam. Təhsilimi  Gəncə şəhəri 31 saylı tam orta məktəbində almışam. 
2016-2020-ci illərdə Bakı Dövlət Universitetində  SABAH qrupları Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr təhsili almışam.

2020-2022-ci illərdə isə Mədəniyyət və İncəsənət Universitetində “Gənclərlə sosial iş” ixtisası üzrə magistratura pilləsinə qəbul olmuşam.

Hər iki ali təhsil müəssisəsini həm bakalavr, həm də magistratura pillələrini qırmızı diplomla bitirmişəm. Təhsil dövründə və sonrasında müxtəlif təcrübə və könüllü fəaliyyətlərdə iştirak etmişəm. 

Sonra Böyük Qayıdış gənclər təşkilatında əvvəlcə təlimlər üzrə menecer, daha sonra layihə meneceri, ardınca isə proqram meneceri vəzifələrində çalışmışam. Bir müddət Qayıdış Könüllüləri Gənclər Proqramının proqram koordinatoru olmuşam. Hazırda “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvüyəm".

Sanki yuxuda idim ard-arda təbrik mesajları gəlməyə başladı:

"Qarabağ Universiteti fəaliyyətə başladığı ildən etibarən bu ali təhsil müəssisəsində tələbələrlə iş üzrə mütəxəssis kimi fəaliyyət göstərirəm. Eyni zamanda sosiologiya ixtisası üzrə dərs deyirəm və hazırda Tələbələrlə iş üzrə bölmədə mütəxəssis kimi çalışıram.

İlk anda açığı, şokda idim. Sanki yuxuda idim ard-arda təbrik mesajları gəlməyə başladı. Hər kəs təbrik edirdi və bu, doğrudan da bir gənc üçün, xüsusilə Qarabağda çalışan və fəaliyyət göstərən bir gənc üçün çox böyük sevincdir. Bu, çox arzuladığım, istədiyim və həyəcanla gözlədiyim bir an idi".

Bu mükafatı məhz Qarabağ Universitetinin əməkdaşı kimi almaq isə mənim üçün ikiqat qürurvericidir:

"Açıq desəm, hər il gənclər üçün müxtəlif mükafatların verildiyini görürdüm və düşünürdüm ki, bir gün mən də bu mükafatı ala bilərəm. Həqiqətən də bunun arzusunda idim. Bu mükafatı məhz Qarabağ Universitetinin əməkdaşı kimi almaq isə mənim üçün ikiqat qürurvericidir. Təsəvvür edin ki, hazırda Xankəndindəyəm və belə bir xəbəri eşidirəm  bu, həqiqətən böyük fəxrdir.

Gənclərə tövsiyəm odur ki, arzularını və məqsədlərini yalnız şəxsi uğur üzərində deyil, həm də vətənə, millətə və xalqa fayda vermək prinsipi üzərində qursunlar. İnsan sevdiyi və inandığı bir sahədə çalışanda, həmin sahəyə daha çox töhfə verə bilir, daha geniş baxış bucağı qazanır. İnanıram ki, bu töhfə və zəhmət gec-tez layiqincə dəyərini tapır və geri qayıdır".

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox