Astronomlar ilk dəfə olaraq nadir rast gəlinən ulduz partlayışından yayılan radio siqnallarını qeydə almağa nail olublar. Bu kəşf alimlərə ulduzun ölümündən əvvəlki son illərdə baş verən prosesləri izləmək imkanı yaradıb.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, əldə edilən nəticələr ulduz təkamülünün daha dərindən anlaşılması baxımından mühüm əhəmiyyət daşıyır. Tədqiqatın nəticələri nüfuzlu The Astrophysical Journal Letters jurnalında dərc olunub.
Araşdırma zamanı alimlər “Type Ibn” adlanan nadir supernova növünü müşahidə ediblər. Radio dalğalarının təhlili göstərib ki, nəhəng ulduz partlayışdan əvvəl ətraf mühitə böyük həcmdə heliumla zəngin maddə püskürüb.
Məlumata görə, bu proses təsadüfi xarakter daşımayıb. Ulduz ölümündən bir neçə il əvvəl yaxınlığındakı digər “müşayiətçi” ulduzla qarşılıqlı təsirə girərək kütləsini sürətlə itirməyə başlayıb. Bu isə supernova partlayışlarının əvvəl düşünüldüyündən daha mürəkkəb və dramatik proseslərlə müşayiət olunduğunu göstərir.
Alimlər bildirirlər ki, radio dalğalarının yaratdığı “əks-sədalar” vasitəsilə ulduzların həyat hekayəsini geriyə doğru oxumaq mümkün olacaq. Bu metod ulduz ölümü və kainatın təkamülü ilə bağlı daha dəqiq elmi mənzərənin formalaşmasına töhfə verəcək.
Zeynəb Tehranlı