Azedu.az

Azərbaycanda Süni İntellekt İnstitutu yaradılır

Xəbərlər

28 Yanvar 2026, 21:33
Azərbaycanda Süni İntellekt İnstitutu yaradılır

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Süni İntellekt İnstitutu yaradılır.

 

AzEdu.az xəbər verir ki, bununla bağlı qərar 28 yanvar tarixində Universitetin Elmi Şurasının iclasında qəbul edilib.

 

Yeni institutun yaradılması Azərbaycan Respublikasında süni intellektin inkişafına dair milli prioritetlərə, eləcə də 2025–2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyasına elmi dəstəyin təmin edilməsi məqsədi daşıyır. İnstitut milli təhlükəsizliyin və texnoloji suverenliyin möhkəmləndirilməsinə, insan kapitalının qorunmasına, dövlət idarəetməsində səmərəliliyin artırılmasına, həmçinin iqtisadi və sənaye inkişafına töhfə verməyi hədəfləyir.

 

Süni İntellekt İnstitutu ölkədə bu sahə üzrə fundamental və tətbiqi elmi tədqiqatların sistemli şəkildə aparılmasını təmin etməklə yanaşı, akademiya–sənaye əməkdaşlığının gücləndirilməsini də əsas məqsədlərdən biri kimi müəyyənləşdirir.

 

İnstitut ADNSU-nun nəzdində fəaliyyət göstərən, fundamental və tətbiqi tədqiqatları birləşdirən elmi mərkəz kimi formalaşdırılıb. Burada süni intellekt üzrə milli prioritet istiqamətlərdə davamlı və strukturlaşdırılmış tədqiqat mühiti yaradılacaq, real sənaye və dövlət problemlərinin elmi əsaslarla həlli üçün effektiv mexanizmlər qurulacaq.

 

Süni İntellekt İnstitutunun əsas tədqiqat istiqamətlərinə kompüter görməsi və robototexnika, təbii dil emalı (xüsusilə Azərbaycan dili üçün böyük dil modellərinin hazırlanması), təhlükəsiz və məsuliyyətli süni intellekt sistemləri, təkamül hesablamaları və statistik öyrənmə sahələri daxildir. Bu istiqamətlər üzrə sənaye, kənd təsərrüfatı, nəqliyyat, istehsalat və digər sahələr üçün tətbiqi həllərin və prototiplərin hazırlanması nəzərdə tutulur.

 

İnstitut çərçivəsində akademik və sənaye tərəfdaşları ilə birgə layihələrin icrası, elmi nəticələrin real sistemlərə tətbiqi, həmçinin süni intellekt texnologiyalarının etik, hüquqi və təhlükəsizlik aspektləri baxımından qiymətləndirilməsi həyata keçiriləcək. ADNSU-nun nəzdində yaradılan Süni İntellekt İnstitutu ölkədə süni intellekt ekosisteminin inkişafında mühüm elmi platforma kimi çıxış edərək, Azərbaycanın bu sahədə regional və beynəlxalq mövqeyinin gücləndirilməsinə töhfə verəcək.

 
Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox