Azedu.az

BMU beynəlxalq reytinqdə irəlilədi

Xəbərlər

28 Yanvar 2026, 15:53
BMU beynəlxalq reytinqdə irəlilədi

Bakı Mühəndislik Universiteti (BMU) ali təhsil sahəsində nüfuzlu beynəlxalq analitik agentlik olan  “Quacquarelli Symonds” (QS) tərəfindən açıqlanan “QS Avropa 2026”  reytinq cədvəlində uğurlu nəticəyə imza atıb.

AzEdu.az xəbər verir ki, avropanın ən yaxşı universitetləri reytinqində növbəti dəfə yer alan BMU ötən illə müqayisədə 96 pillə irəliləyərək 395-ci mövqeyə yüksəlib.

BMU Qərbi Asiya universitetləri arasında (QS Western Asia 2026) isə ötən illə müqayisədə 11 pillə irəliləyərək 23-cü yerdə qərarlaşıb.

Yeni reytinqə Avropanın ümumilikdə 958 ali təhsil müəssisəsi daxil edilib.  Reytinq cədvəlində BMU ilə bərabər, ölkəmizin 6-sı ilk dəfə olmaqla 15 universiteti yer alıb. BMU ölkə üzrə 5-ci sırada dayanır.

Bu, son iki ildə universitetin tədris, elmi-tədqiqat, beynəlmiləlləşmə, işəgötürənlər arasında reputasiya və məzunların nailiyyətləri sahələrində əldə etdiyi davamlı inkişafın bariz göstəricisidir.  Belə ki, BMU 2025-ci il üzrə reytinq cədvəlində 60 pillə, 2026-cı ildə isə 96 pillə irəliləməklə son iki ildə QS Avropa reytinqində ümumilikdə 156 pilləlik əhəmiyyətli yüksəliş nümayiş etdirib.

 

BMU-nun reytinqdə mövqeyinin ciddi şəkildə yüksəlməsi ali təhsilin keyfiyyətinin artırılması, müasir tədris metodlarının tətbiqi, tələbə mübadiləsi və beynəlxalq əməkdaşlıqların gücləndirilməsi istiqamətində gerçəkləşdirilən məqsədyönlü strategiyanın nəticəsidir. Sözügedən nailiyyət universitetin Avropa ali təhsil məkanında tanınmasını və rəqabət qabiliyyətinin artmasını bir daha təsdiqləyir.

 

Reytinq ümumilikdə 12 indikator üzrə (universitetlərin akademik və işəgötürən icmalarında tanınma, tədqiqat işlərinə töhfə, təhsil mühitinin keyfiyyəti, beynəlmiləlləşmə, akademik mobillik və davamlı inkişafa sadiqlik və s.) müəyyən olunub.

Image 1Image 1Image 1

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox