Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AzEdu.az xəbər verir ki, iclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, bölmənin üzvləri, elmi müəssisələrin direktorları və aidiyyəti şəxslər iştirak ediblər.
İclasda akademik Dilqəm Tağıyevin Kimya elmləri bölməsinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı müzakirə olunub. Müzakirələrin nəticəsinə əsasən, bölmənin illik fəaliyyəti məqbul hesab edilib və müvafiq qərar qəbul olunub.
Qərara əsasən, elmi-tədqiqatların dövlət səviyyəsində müəyyən edilən “Rəqəmsal İnkişaf Konsepsiyası” və “Süni İntellekt Strategiyası”na uyğun şəkildə, nəticəyönümlü istiqamətlərdə genişləndirilməsi tapşırılıb. Xüsusilə işğaldan azad edilmiş ərazilərin mineral xammal ehtiyatlarından səmərəli istifadə, “yaşıl artım” prioriteti və ölkənin müdafiə qüdrətinin artırılmasına xidmət edən strateji araşdırmalara üstünlük verilməsi vurğulanıb.
Bununla yanaşı, innovativ polimer materialların alınması, sənaye tullantılarının təmizlənməsi və dərman maddələrinin effektivliyinin artırılması sahəsində elmi müəssisələr qarşısında konkret vəzifələr müəyyən edilib.
Yekun olaraq, bölməyə gənclərin elmə cəlb edilməsi, kimya elminə dair terminologiyanın zənginləşdirilməsi və kimya elminin populyarlaşdırılması istiqamətində fəaliyyətin gücləndirilməsi tapşırılıb.