Xarici agentliklər və beynəlxalq təşkilatlar 2026-cı ili “Müəllim İli” elan ediblər. Qərar qlobal miqyasda müşahidə olunan müəllim çatışmazlığının təhsil sistemləri üçün ciddi risk yaratması fonunda qəbul olunub. Bildirilir ki, bu sahədə təxirəsalınmaz tədbirlərin görülməsi zəruridir.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, UNESCO-nun yaydığı hesabatda qeyd olunur ki, 2030-cu ilə qədər dünya üzrə təxminən 44 milyon yeni müəllimə ehtiyac yaranacaq. Hesabata görə, mövcud vəziyyət davam edərsə, bir çox ölkədə təhsilin keyfiyyəti aşağı düşə, müəllim-şagird nisbəti arta və təhsilə çıxış imkanları məhdudlaşa bilər.
Beynəlxalq qurumlar müəllim çatışmazlığının əsas səbəbləri sırasında aşağı əməkhaqqı, ağır iş yükü, peşəkar inkişaf imkanlarının məhdudluğu və müəllimlərin peşəni tərk etməsini göstərirlər. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə bu problemin daha kəskin hiss olunduğu vurğulanır.
“Müəllim İli” çərçivəsində hökumətlərə müəllim hazırlığı proqramlarının gücləndirilməsi, müəllimlərin sosial rifahının yaxşılaşdırılması və peşənin nüfuzunun artırılması ilə bağlı çağırışlar edilib. Beynəlxalq təşkilatlar hesab edirlər ki, bu istiqamətdə atılacaq addımlar qlobal təhsil sisteminin dayanıqlığını təmin etmək baxımından həlledici olacaq.