Yeni elmi araşdırma göstərir ki, 80 yaşdan yuxarı olmasına baxmayaraq zehni qabiliyyətlərini qoruyub saxlayan insanlar xüsusi genetik üstünlüyə malikdirlər.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlər bu şəxsləri “super yaşlananlar” (super ager) adlandırır. Bu insanlar yaddaş və düşünmə qabiliyyətinə görə öz yaşlarından 20–30 il daha gənc şəxslərə bənzəyirlər.
Araşdırma “Alzheimer’s & Dementia” elmi jurnalında dərc olunub və Vanderbilt Universiteti Tibb Mərkəzinin alimləri tərəfindən aparılıb. Tədqiqat nəticələrinə görə, super yaşlananlarda Alzheimer xəstəliyi üçün ən güclü genetik risk faktoru hesab edilən APOE-ε4 gen variantına daha az rast gəlinir.
Alimlər bildiriblər ki, bu qrup insanlarda əksinə, Alzheimer xəstəliyinə qarşı qoruyucu təsir göstərən APOE-ε2 gen variantı daha çox müşahidə olunur. Məhz bu genetik fərqlər yaşlı insanların zehni funksiyalarını uzun müddət qoruyub saxlamasında mühüm rol oynaya bilər.
Tədqiqatçılar hesab edirlər ki, əldə olunan nəticələr gələcəkdə Alzheimer xəstəliyinin qarşısının alınması və yeni müalicə üsullarının hazırlanması üçün mühüm elmi baza yarada bilər. Onların fikrincə, super yaşlananların genetik xüsusiyyətlərinin daha dərindən öyrənilməsi idrak qabiliyyətlərinin qorunması ilə bağlı yeni yanaşmaların inkişafına töhfə verəcək.
Zeynəb Tehranlı