Azedu.az

“Ən böyük xoşbəxtliyim müəllim olmağımdır” - “İlin gənc müəllimi”

Xəbərlər

22 Yanvar 2026, 14:29
“Ən böyük xoşbəxtliyim müəllim olmağımdır” - “İlin gənc müəllimi”

“Azərbaycan müəllimi” qəzeti və AzEdu.az Təhsil Portalının birgə təşkilatçılığı ilə keçirilən “İlin gənc müəllimi” müsabiqəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən 10 müəllim qalib seçilib.

Müsabiqə nəticəsində öz fəaliyyəti ilə fərqlənən, eləcə də müasir dərs metodlarından istifadə etməklə keyfiyyətli və yaradıcı təhsil mühiti formalaşdıran ən yaxşı 10 gənc pedaqoq mükafatlandırılıb.

AzEdu.az “İlin gənc müəllimi” müsabiqəsinin qaliblərinin təəssüratlarını oxucularla bölüşür.

Bu dəfə sizə Gülağa Rəhmətovun təhsili, müəllimlik fəaliyyəti, şagirdlərlə münasibəti və uğur yolunu təqdim edirik.

Onun ən böyük arzusu müəllim kimi xalqına xidmət etmək olub:

"Mən Gülağa Hüseynverdi oğlu Rəhmətov 4 yanvar 1992-ci ildə Lerik rayonunun Ambu kəndində ziyalı ailəsində anadan olmuşam. Ailəmiz elmə və təhsilə bağlılığı ilə seçilib.

Atam Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib, 40 ildən artıq müddətdə təhsil sahəsində fəaliyyət göstərib, çoxsaylı şagirdlər yetişdirib. Onun yetirmələri arasında alimlər, elmlər namizədləri, hərbçilər, həkimlər və cəmiyyətə faydalı şəxslər var.

Ailədə altı qardaş olmuşuq. Beş qardaşımdan dördü pedaqoji sahə üzrə, biri isə hərbi sahə üzrə ali təhsil alıb. Hərbi sahə üzrə ali təhsilli qardaşım, kapitan Əbülfəz Rəhmətov, 15 il vətənə xidmət edib, Aprel və İyul döyüşlərində iştirak edib, Vətən müharibəsində qəhrəmancasına şəhid olub.

176436

Orta məktəbdə təhsil aldığım illərdə ziyalı ailəsində böyüməyim müəllimlik peşəsinə olan marağımı və sevgimi artırıb. Müəllim olmaq və bu peşə vasitəsilə xalqıma xidmət etmək əsas məqsədim olub.

2014-cü ildə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Müəllimlərin İşə Qəbulu imtahanında yüksək nəticə göstərib pedaqoji fəaliyyətə başlamışam".

Həyatda ən böyük xoşbəxtliyim məhz müəllim olmağımdır:

"2016-cı ildə keçirilən Diaqnostik Qiymətləndirmə imtahanında 52 bal, 2023-cü ildə keçirilmiş Sertifikasiya imtahanında isə 53 bal toplamışam. Həmişə yüksək bal toplamağımda əsas məqsədim müəllim adını, nüfuzunu bir az da yüksəltmək olmuşdur. İşlədiyim 12 il ərzində həmişə nümünəvi fəaliyyət göstərmişəm. Buna görə də fəxri fərman və diplomlarla təltif olunmuşam. “Rəqəmsal bacarıqlar üzrə beynəlxalq dərəcəli sertifikat”, Microsoft Sertifikatlı Pedaqoq”, AzEdu təhsil portalı tərəfindən “Örnək müəllim” adına layiq görülmüşəm. Azərbaycan Təhsil İnstitutunun layihəsi olan “Muasir Metodist” layihəsində iştirak edərək “Muasir Metodist” sertifikatına layiq görülmüşəm. Azərbaycan Müəllimi və AzEdu təhsil portalının birgə layihəsi olan “İlin gənc müəllimi” müsabiqəsinin qaliblərindən biri olmuşam.

176435

Həyatda ən böyük xoşbəxtliyim məhz müəllim olmağımdır. Hər dəfə məktəbə, sinfə daxil olanda şagirdlərimin üzündə olan sevinc hissini görmək, şagirdlərin mənə tərəf sevinc və sevgi ilə qaçmasını görmək həqiqətən insanı sevindirir, xoşbəxt edir və daha da böyük şövqlə işləməyə vadar edir. Bu gün çiyinlərimdə üç böyük adın ağırlığını və şərəfini daşıyıram: müəllimlik, şəhid qardaşı olmaq və “İlin gənc müəllimi” adı. Bu adlar mənim üçün sadəcə söz deyil hər biri vicdan, fədakarlıq və məsuliyyət deməkdir. Bu yol həm ağırdır, həm də qürurvericidir. Mən bu yükü başı dik, ürəyi dolu daşıyıram; çünki bilirəm ki, arxasında müqəddəs dəyərlər, müqəddəs əmanətlər dayanır.

Ümumiyyətlə ailəvi olaraq vətənə xidmət etmək bizim üçün böyük bir şərəfdir.

Göstərilən diqqətə və verilən dəyərə görə dəyərli AzEdu kollektivinə dərin minnətdarlığımı bildirirəm. Təhsilimiz üçün, xalqımız üçün çox faydalı olan bu böyük missiyanızda hər birinizə uğurlar arzulayıram".

176437

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox