ABŞ-nin Stanford Universitetinin alimləri qığırdaq toxumasının yenidən bərpasına və artritin qarşısının alınmasına imkan verən yeni müalicə üsulu kəşf ediblər.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu yenilik gələcəkdə diz və bud-çanaq oynaqları üzrə protez əməliyyatlarına olan ehtiyacı əhəmiyyətli dərəcədə azalda bilər.
Stanford Medicine tədqiqatçılarının apardığı araşdırmaya əsasən, yaşlanma ilə əlaqəli müəyyən bir zülalın bloklanması qığırdaq itkisini geri çevirə bilir. Təcrübələr zamanı yaşlı siçanların diz oynaqlarında sağlam və elastik qığırdaq toxumasının yenidən formalaşdığı, hərəkət qabiliyyətinin isə nəzərəçarpacaq dərəcədə yaxşılaşdığı müşahidə olunub. Eyni zamanda, diz zədələrindən sonra artritin yaranmasının qarşısı alınıb.
Araşdırma çərçivəsində diz protezi əməliyyatları zamanı götürülən insan qığırdaq nümunələri üzərində aparılan sınaqlar da müsbət nəticə verib. Müalicə qığırdaq yaradan hüceyrələri aktivləşdirərək yeni və funksional qığırdaq toxumasının formalaşmasına səbəb olub.
Alimlər hazırda bu müalicə üsulunun həb və ya inyeksiya formasında tətbiqi üzərində çalışırlar. Bildirilir ki, əgər əldə olunan nəticələr insanlarda da təsdiqlənərsə, artritin müalicəsində tamamilə yeni bir mərhələ başlaya və oynaq cərrahiyyəsinə olan ehtiyac xeyli azala bilər.
Zeynəb Tehranlı