Azedu.az

36 ildir 13 yaşı olan Larisa...

Xəbərlər

20 Yanvar 2026, 12:47
36 ildir 13 yaşı olan Larisa...

Bu gün 20 Yanvar faciəsindən 36 il ötür.

Faciə zamanı 150 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər isə qanunsuz olaraq həbs edilib.

AzEdu.az faziənin azyaşlı qurbanı olan Larisa Məmmədovanın xatirəsini yad edir.

Qara Yanvar faciəsinin azyaşlı şəhidləri arasında məktəbli Larisa Məmmədova xüsusi ağrı ilə xatırlanır. O, 20 Yanvar hadisələrinin günahsız qurbanlarından biri kimi Azərbaycan tarixində silinməz iz qoymuşdur.

Larisa Məmmədova 1977-ci il 11 avqust tarixində Bakı şəhərində anadan olmuşdur. O, beş nəfərlik bir ailənin üzvü idi. Ailədə Emil adlı qardaşı və Nərminə adlı bacısı vardı. Larisa məktəb şagirdi idi, uşaqlıq çağlarını yaşayan, gələcək arzuları yarımçıq qalan bir övlad...

176279

1990-cı ilin 19 yanvarını 20 yanvara bağlayan gecə baş verən faciəli hadisələr onun həyatına son qoydu. Həmin gecə Larisa atası Fərman Məmmədov ilə birlikdə atasının işlədiyi L. Şmidt adına zavoda getmişdi. Zavodun yaxınlığında, İkarus avtobusunda oturduqları zaman mülki insanlara qarşı açılan amansız atəş nəticəsində avtobus gülləbaran edildi.

Atəş açılması zamanı Larisa Məmmədova ürək nahiyəsindən güllə yarası alaraq hadisə yerindəcə həlak oldu. Onun atası Fərman Məmmədov isə ağır yaralandı. Bu hadisə bir ailənin, eyni zamanda bütün xalqın faciəsinə çevrildi.

Məktəbli bir qızın bu şəkildə həyatını itirməsi 20 Yanvar faciəsinin nə qədər qəddar və insanlıqdan uzaq olduğunu bir daha göstərdi. Larisa Məmmədova Qara Yanvarın günahsız qurbanı, azadlıq yolunda şəhid olmuş körpə bir ürək kimi Azərbaycan xalqının yaddaşında əbədi yaşayır. Onun xatirəsi hər il ehtiramla anılır, adı Qara Yanvar şəhidlərinin sıralarında dərin kədər və qürur hissi ilə çəkilir.

Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixli fərmanı ilə Larisa Məmmədova və digər 146 şəhidə "20 Yanvar Şəhidi" fəxri adı verilmişdir.

176305

Larisa Məmmədovanın adına Bakı şəhərində küçə yerləşir. Hər il 20 Yanvar ərəfəsində təhsil aldığı məktəbdə Larisa ilə bağlı anım tədbirləri təşkil edilir. Larisanın xatirəsinə həsr olunan yazı, şeir, rəsm müsabiqələri keçirilir. 

Onu da qeyd edək ki, Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə Larisa ilə bağlı “On üç yaşlı körpə bala” şeirini yazıb:

On üç yaşlı körpə bala,

Yazıq anan necə dözsün

Bu kədərə, bu məlala?

Məzarının baş ucunda kuklan da var.

Bu gün layla çalmalıykən sən kuklana,

Kuklan sənə laylay çalar.

Sən özün də kukla idin.

Bu dünyanın əvvəlini, axırını

Heç bilmədin.

Kim kuklaya güllə atar?

Atan oldu…

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox