Böyük Britaniya hökuməti uşaq və yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması ilə bağlı məsləhətləşmələr aparacaq, həmçinin məktəblərdə smartfonlardan istifadə qadağasına nəzarəti gücləndirəcək.
AzEdu.az xəbər verir ki, bu barədə hökumətin rəsmi portalında yerləşdirilən bəyanatda deyilir.
"Hökumət gənclərin rifahını qorumaq və internetdə daha təhlükəsiz qalmalarını təmin etmək məqsədilə uşaqların sosial şəbəkələrdən istifadəsi məsələsi üzrə məsləhətləşmələrə başlayır və məktəblərdə telefonlardan istifadəni qadağan edir", - deyə bəyanatda bildirilib.
Böyük Britaniya hakimiyyəti sosial şəbəkələrdən istifadə üçün minimum icazə verilən yaş həddinin müəyyən edilməsini müzakirə edəcək və artıq oxşar məhdudiyyətlər tətbiq etmiş ölkələrin təcrübəsini qiymətləndirəcək.
Bununla belə, "Reuters" agentliyi iddia edir ki, bu mövzu üzrə məsləhətləşmələrə artıq bazar ertəsi, yanvarın 19-da start verilib. Nəşrin məlumatına görə, Böyük Britaniya hökumətinin nümayəndələri 2025-ci ilin dekabrında 16 yaşından kiçik uşaqlar üçün sosial şəbəkələrdən istifadəyə tam qadağa qoyan Avstraliyaya səfər etməyi planlaşdırırlar. Britaniya hakimiyyəti tərəfindən hansı yaş həddinin nəzərdən keçirildiyi barədə məlumat verilmir.
Qeyd edək ki, Avstraliya dünyada 16 yaşına çatmamış şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan edən ilk ölkə olub. Ölkə parlamenti tərəfindən 2024-cü ilin noyabrında qəbul edilmiş qanun 2025-ci il dekabrın 10-da qüvvəyə minib.