İcra hakimiyyəti başçıları rayonların sosial-iqtisadi inkişafında və dövlət siyasətinin yerli səviyyədə icrasında əsas fiqurlardan sayılır. Onların fəaliyyəti əhalinin rifahına, idarəetmədə şəffaflığa birbaşa təsir göstərir. Bu vəzifəni icra edən şəxslərin peşəkar hazırlığı və idarəçilik bacarıqları isə xüsusi əhəmiyyət kəsb edir.
Məhz buna görə də icra başçılarının təhsil və karyera yolu ictimai maraq doğurur.
AzEdu.az Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan rayonların icra başçılarının təhsil yolları ilə bağlı yazı hazırlayıb.
Qeyd edək ki, Şəki-Zaqatala iqtisadi rayonuna Şəki, Zaqatala, Qax, Oğuz, Qəbələ və Balakən inzibati rayonları daxildir.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Zabir oğlu Usubov 1960-cı il may ayının 26-da Mingəçevir şəhərində anadan olmuş, orta təhsilini də orada almışdır. İxtisasca mühəndis-elektrik və iqtisadçıdır. Onlarla səmərələşdirici və elmi təklifin müəllifidir.

Zaqatala Rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Cuma oğlu Əhmədzadə 15 yanvar 1947-ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olmuşdur.
1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsini Mühəndis-mexanik ixtisası üzrə bitirmişdir.

Qax rayon İcra Hakimiyyətinin başçısı Elvin Nazim oğlu Paşayev 1983-cü ildə anadan olmuş, orta təhsilini Şirvan şəhər M.B.İsrailov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəbdə almışdır. 2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində Regionşünaslıq ixtisası üzrə bakalavr təhsilinə yiyələnib.
2005-2007-ci illərdə Bakı Dövlət Universitetində magistr təhsili almış, 2007-2009-cu illərdə Dövlət İqtisad Universitetində Maliyyə və Kredit ixtisası üzrə təhsilini davam etdirmişdir. 2021-2022-ci illərdə İsveçin Lund Universitetində “Dövlət sektorunda innovasiya”, “Şəhər idarəetməsində innovasiya və təbiət əsaslı həllər” proqramı üzrə təhsil almışdır. Çin Xalq Respublikası, Polşa Respublikası Lex Kaçinski adına İdarəçilik Akademiyası, Estoniya Respublikası Şərq Tərəfdaşlıq Mərkəzi və s. kimi tədris müəssisələrində təkmilləşdirmə və ixtisasartırma kurslarından məzun olmuşdur. 2021-ci ildə ABŞ-ın Layihələrin İdarəedilməsi İnstitutunun PMP (Layihələrin idarəedilməsi üzrə peşəkar) beynəlxalq sertifikatını əldə etmişdir. 2012-2016-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Bakıxanov adına Tarix İnstitutunun doktorantı olmuşdur.
2018-2022-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının İnsan resurslarının idarəedilməsi şöbəsinin müdiri və həmin nazirlikdə - Aparat rəhbərinin müavini, İnsan resurslarının İdarə edilməsi və Elm, təhsil və İnsan resursları şöbələrinin müdiri vəzifələrində çalışmışdır. Bununla yanaşı Elvin Paşayev 2014-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasında saat hesabı müəllim kimi də fəaliyyət göstərmişdir.

Oğuz Rayonu İcra Hakimiyyətinin başçısı Cavid Teyrun oğlu Əbdul-Qədirov 1984-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

Qəbələ rayonu İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayevin təhsilinə dair heç bir mənbədən məlumat əldə edə bilmədik.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevin də təhsilə dair məlumat əldə edə bilmədik.
