Azedu.az

“İlin gənc müəllimi”: “Artıq həmkarlarım arasında seçilirəm”

Xəbərlər

19 Yanvar 2026, 11:52
“İlin gənc müəllimi”: “Artıq həmkarlarım arasında seçilirəm”

“Azərbaycan müəllimi” qəzeti və AzEdu.az Təhsil Portalının birgə təşkilatçılığı ilə keçirilən “İlin gənc müəllimi” müsabiqəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən 10 müəllim qalib seçilib.

Müsabiqə nəticəsində öz fəaliyyəti ilə fərqlənən, eləcə də müasir dərs metodlarından istifadə etməklə keyfiyyətli və yaradıcı təhsil mühiti formalaşdıran ən yaxşı 10 gənc pedaqoq mükafatlandırılıb.

AzEdu.az “İlin gənc müəllimi” müsabiqəsinin qaliblərinin təəssüratlarını oxucularla bölüşür.

Bu dəfə sizə Aynur Axundovanın təhsili, müəllimlik fəaliyyəti, şagirdlərlə münasibəti və uğur yolunu təqdim edirik.

O, ingilis dili fənnini şagirdlərə daha sevdirmək və asan mənimsətmək üçün müxtəlif oyunlar, musiqili fəaliyyətlər və əyləncəli üsullardan istifadə edir:

"1986-cı ildə Qobustan rayonunun Təklə kəndində anadan olmuşam. Orta təhsilimi Sumqayıt şəhəri 31 nömrəli tam orta məktəbdə başa vurmuşam. Daha sonra Şamaxı şəhərində yerləşən, əvvəl “Mədəni-Maarif” adlanan Humanitar Kollecində ingilis dili müəllimi və tərcüməçi ixtisası üzrə təhsil almışam və fərqlənmə diplomu ilə bitirmişəm.

2007-ci ildə kollec təhsilimi tamamladıqdan sonra Qobustan rayonunun tam orta məktəbində əmək fəaliyyətinə başlamışam. Daha sonra Zeylikən kəndində yerləşən Rasim Hüseynov adına ümumi məktəbdə işləmək üçün dəvət almışam və 2013-cü ilə qədər orada fəaliyyət göstərmişəm.

Eyni zamanda, 2013-cü ildə Odlar Yurdu Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinə qəbul olmuşam. 2018-ci ildə ikili diplom proqramı çərçivəsində həm Beynəlxalq Münasibətlər ixtisası üzrə, həm də Montreal Business School ilə birgə proqram əsasında təhsilimi başa vurmuşam. Beləliklə, iki fakültəni paralel şəkildə bitirmişəm.

Hazırda Cəyirli kəndində fəaliyyət göstərirəm və eyni zamanda həm müəllim, həm də Cəyirli bələdiyyəsinin sədri kimi çalışıram".

176207

Dərs metodlarım əsasən şagirdyönümlüdür:

"İngilis dili fənnini şagirdlərə daha sevimli və asan mənimsədirmək üçün dərslərdə oyunlar, musiqili fəaliyyətlər və əyləncəli metodlardan istifadə etmişəm. Xüsusilə fəaliyyətimin ilk illərində şagirdlərin ingilis dilinə marağı çox az idi. Hətta ilk dəfə sinifə daxil olduğum zaman bəzi uşaqlar “müəllim başqa dildə danışır” deyə dərsdə ağlayırdılar.

Bunun qarşısını almaq üçün dərsləri oyunlar üzərində qurmağa başladım. Oyun əsaslı öyrənmə metodları şagirdlərin qorxusunu aradan qaldırdı və fənni sevmələrinə kömək etdi. Sonrakı mərhələdə ingilis dilini STEM təhsili ilə əlaqələndirdim. Bu məqsədlə müxtəlif layihələr həyata keçirdik və hətta “Azərbaycan Gənc Müəllimlər Assosiasiyası” ilə birgə layihələrdə qalib olduq.

STEM əsaslı ingilis dili dərslərində layihə əsaslı öyrənməyə üstünlük verdik. Şagirdlər ingilis dilində layihələr hazırlayır, fikirlərini ifadə edir və qrup şəklində bir-birinə dəstək olurdular. Onlayn veb alətlərdən və müxtəlif proqramlardan istifadə edirdik. İnternetlə bağlı müəyyən çətinliklər olsa da, bu gün də şagirdlərimlə onlayn dərslər və layihələr həyata keçiririk.

Şagirdlərimizlə birlikdə bir çox beynəlxalq layihələrdə iştirak etmişik. eTwinning platformasında çoxsaylı layihələrimiz olub və həm Avropa, həm də Milli Keyfiyyət Nişanlarına layiq görülmüşük. Bu nailiyyətlər şagirdlərimin ingilis dilinə marağını daha da artırdı. Onların danışıq və ünsiyyət bacarıqlarını görmək mənim üçün böyük qürur mənbəyidir. Şagirdlərimdən ikisi hazırda ingilis dili müəllimi kimi fəaliyyət göstərir: biri Bakıda, digəri isə beynəlxalq layihələrdə çalışır. Digər şagirdlərim isə müxtəlif sahələrdə uğurla irəliləyirlər".

176209

Şagirdlərin sevgisi məni burada saxladı və heç vaxt getməyi düşünmədim:

"Bu kənd mənim doğulduğum yer idi. Şagirdlər böyük maraqla baxırdılar ki, bu müəllim bizə nələr öyrədəcək. Xüsusilə qızların təhsilə marağı az idi. Lakin zamanla onların oxumağa marağı artdı. Hazırda qızlar çox həvəslə dərslərdə iştirak edir, sevinərək oxuyurlar. Mənə dəfələrlə “niyə burada işləyirsən?” deyirdilər. Amma şagirdlərin sevgisi məni burada saxladı və heç vaxt getməyi düşünmədim".

Müəllim olaraq yeniliklərə açığam:

"Məqsədim şagirdlərimin nəticələrini ildən-ilə yaxşılaşdırmaq, onları gələcək peşə və ixtisas seçimində düzgün istiqamətləndirməkdir. Amerika Səfirliyinin Azərbaycan üzrə təşkil etdiyi bir çox onlayn proqramlarda iştirak etmişəm. ADA Universiteti və səfirliyin birgə təşkil etdiyi onlayn magistr kurslarını yüksək nəticə ilə bitirmişəm. Orada öyrəndiyim metodları dərslərimdə tətbiq edirəm.

Müəllim olaraq yeniliklərə açığam. Dəyişən dil və təhsil sisteminə uyğunlaşmaq üçün daim öz üzərimdə işləyirəm. Bildiklərimi həm şagirdlərimlə, həm də həmkarlarımla bölüşürəm. Müxtəlif nəşriyyatlarla əməkdaşlıq edərək 4 dərs vəsaitinin müəllifi olmuşam. Bu kitablar əsasən buraxılış imtahanlarına hazırlaşan şagirdlər üçün nəzərdə tutulub. Həmçinin, təhsillə bağlı həm yerli, həm də beynəlxalq səviyyədə müxtəlif tədbirlərdə iştirak etmişəm:

İlk böyük tədbirlərimdən biri 28 noyabr 2018 çi ildə keçirilən Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Azərbaycan Müəllimlərinin XV Qurultayı olmuşdu. Orada təhsilin inkişaf istiqamətləri və mövcud problemlər müzakirə olduğu müxtəlif penallarda iştirak etmişəm.
2021-ci ildə Türkiyə Təhsil Nazirliyi, Harran Universiteti və Avropa İttifaqının birgə təşkil etdiyi ‘Təhsildə Süni İntellekt’ adlı konfransda online  iştirak etdim və ‘Smart Policeman’ adlı məqaləmi təqdim edərək ölkəmizi təmsil etmişəm.

2021 çi ildə Bakı şəhərində keçirilən eTwinning Media Literacy and Disinformation Seminarında da iştirak etmişəm. Bu tədbir Azərbaycan və Türkiyə Təhsil Nazirlikləri tərəfindən təşkil olunmuşdu. Azərbaycan  və Türkiyədən 60 müəllim iştirak edirdi bu seminarda Qadın Qəhramanlar adlı layhəmizin təqdimatını Türkiyədən layihə ortağım Mehmet Polat müəllimlə təqdim etdik .

UPUES 2021 Beynəlxalq Təhsil Simpoziumu, T-Network Beynəlxalq Təhsil Konqresi və II Perfect Teacher – Şəxsi İnkişaf Layihəsi kimi tədbirlərdə iştirakım olub.

176208

2020-ci ildə "Onlayn Təhsildə Yeni Çağırışlar" və "Təhsildə Müasir Yanaşmalar" adlı yerli konfranslara qatılmışam.

2019-cu ildə Avropa İttifaqı və UNDP tərəfindən təşkil olunan Gender əsaslı Bələdiyyə Akademiyası çərçivəsində keçirilən 3 günlük təlimdə iştirak etmişəm.

2023-cü ildə ESEP Congress-də spiker olaraq çıxış etmiş və ‘Yabancı dil eğitiminde farklı eğitim yaklaşımlarının kullanılması’ adlı məqaləmi təqdim etmişəm. Həmçinin ADA Universiteti - ABŞ Səfirliyi - NC State University tərəfindən keçirilən konfransda poster təqdimatçı kimi Storytelling for learning all English skills adlı məqaləmi təqdim etmişəm.

eTwinning çərçivəsində 2023-cü ildə İspaniyanın Alcalá De Henares şəhərində keçirilən beynəlxalq seminarda iştirak etmişəm. Qeyd edim ki, bu seminarda iştirak üçün Azərbaycan Təhsil Sisteminin informasiyalaşdırılması idarəsi tərəfindən keçirilən müsabiqədə qalib gələrək ölkəmizi təmsil etmək hüququ qazanmışam. Həmin seminarda Avstriya,Iordaniya, Çexiya, Gürcüstan, Ispaniya, Portuqaliyadan müəllimlər iştirak edirdi Azərbaycan müəllim ki tək mən idim .Seminar çərçivəsində Portuqaliya Ispaniya və Iordaniyadan olan həmkarlarım ilə birgə My Smart City və JAS learn and fun adlı iki layihə təqdimatı etdik və həmin layihələr Avropanın beynəlxalq təhsil portalı tərəfindən həmçinin Azərbaycan təhsil Nazirliyi tərəfindən keyfiyyət nişanı ilə mükafatlandırılıb.

Həmin il Azərbaycan Qadınlarının VI Qurultayında şəhərimi təmsil etmişəm.

Son olaraq 2024-cü ildə Global Education Summit – Bakı tədbirində həm iştirakçı, həm də panelist olaraq çıxış etmişəm. Mövzum ‘Personalized Learning and Flexible Pathways’ idi və tədbirdən iki sertifikat əldə etmişəm və həmçinin 2021 çi ildə qazandığım lakin pandemiya olduğu üçün təqdimat mərasimində Hindistanda iştirak edə bilməsəm də Global Teacher Award mükafatım Bakı şəhərində mənə təqdim edilib .

Bir neçə elmi metodik məqalələrim həm Azərbaycan həmçinin Türkiyənin müxtəlif jurnallarında dərc olunmuşdur ən son məqaləm Azərbaycan Məktəbi jurnalının 100 illik yubileyi2024 cü il  1- çi sayında yer almışdır.

27–28 sentyabr 2025-ci il tarixlərində ADA Universitetində ABŞ Səfirliyinin dəstəyi ilə keçirilən “From Training to Transformation: Empowering Azerbaijani EFL Classroom” Networking Event və Konfransında iştirak etmək imkanım oldu. Tədbirdə həm təlimçi, həm də poster təqdimatçısı kimi çıxış etdim.

Birinci gün həmkarım Ayta xanımla birlikdə “Approaches in English Language Teaching” mövzusunda iki sessiya təqdim etdik. Sessiyalar məktəb, kollec və universitet müəllimlərini bir araya gətirərək praktiki metodlar, yanaşmalar və təcrübə mübadiləsi üçün imkan yaratdı.

Konfrans zamanı “Gallery Show” formatında “Best Writing Clues” adlı posterimizi də təqdim etdik. Təqdimatlar interaktiv keçdi, iştirakçılarla yazı bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif yanaşmalar və alətlər haqqında səmərəli müzakirələr apardıq və dəyərli rəy aldıq.

Bu təcrübə həm bilik paylaşmaq, həm də yeni ideyalar qazanmaq baxımından mənim üçün çox dəyərli oldu. Tədbir bir daha əməkdaşlıq, peşəkar inkişaf və müəllim icmasında şəbəkələşmənin vacibliyini göstərdi.

Müasir müəllimin sahib olması gərək olan ən vacib bacarıqlardan biridə texnalogiya sahəsində bilik və bacarıqlarının daima inkişaf etdirilməsidir Microsoft platformasının hər il müəllimlər üçün təşkil etdiyi pulsuz kurslardan yararlanıb 4 ildən artıqdır ki Microsoft Innovativ Educator Expert seçilirəm bu bilik bacarıqları öz həmkarlarım ilə online təlimlərə qatilaraq paylaşıram onlara dəstək oluram . Həmçinin 2023 - cü ildə Beynəlxalq Pedaqoq adına Microsoft Certified Educator adına layiq görülmüşəm.

Hal- hazırda Türkiyədən həmkarım Zubeyde Yanar müəllimlə birgə qurduğumuz Milli Dəyərlər və Qlobal Vətəndaşlıq layihəmizi Azərbaycan və Türkiyə Qazaxıstan müəllimlərinin və şagirdlərinin birgə iştirakı ilə aparırıq layhəmizin dəstəkçisi Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirliyinin yanında fəaliyyət göstərən Azərbaycan Kültür Merkezinin dəstəyi ilə keçirilir burdan bütün həmkarlarımı bu layihədə könüllü şəkildə üzvü və iştirakçısı olmağa dəvət edirəm".

176210

2007-ci ildən bəri müəllimlik peşəsindən uzaqlaşmağı heç vaxt düşünməmişəm:

"Müəllim ailəsində böyümüşəm. Anam müəllim olub və bu peşəyə sevgim ailədən gəlir. Uşaqların gözündəki inamı, sevgini görmək məni bu peşəyə daha da bağlayıb. Hər gün dərsə girəndə onların sevgi ilə salamlaması düzgün seçim etdiyimi bir daha sübut edir".

Şagirdlərim müəllimlərini həmişə birinci yerdə görür və onlarla fəxr edirlər.

""İlin gənc müəllimi" müsabiqəsində qalib olduğumu bilən uşaqlarda böyük bir sevinc və xoş bir aura yarandı. Onlar deyirdilər ki, məhz bizim müəllimimiz bu ada layiq idi. Bu, həm şagirdlər arasında, həm də məktəb kollektivi daxilində müəllimin nüfuzunu və etibarını daha da artırdı.

Şagirdlər tez-tez soruşurdular ki, “müəllim, bundan sonra nə edəcəksiniz?”. Hətta uşaqlardan bəziləri deyirdi ki, "müəllim yəqin ki, başqa yerlərə gedəcək" mən isə deyirəm ki, mən  həmişə sizinlə birlikdə qalacam və sizinlə daha gözəl uğurlara, nailiyyətlərə imza atacağıq". 

Bu titul mənim gördüyüm işlərin fərqli və dəyərli olduğunu təsdiqlədi:

"“İlin gənc müəllimi” olmaq bir müəllim üçün həqiqətən də böyük bir nailiyyətdir. Ona görə ki, müəllim həmkarlarının içərisində seçilirsən və indiyə qədər çəkdiyin zəhmətin sanki sübutunu əlində daşıyırsan. 

Eyni zamanda bu ad müəllimin üzərinə böyük bir məsuliyyət qoyur. Bu günə qədər necə çalışmışamsa, bundan sonra da bu ada layiq qalmaq üçün həm davranışımla, həm də cəmiyyətə verdiyim töhfələrlə nümunə olmalıyam. Bu titul insanı daha da məsuliyyətli olmağa sövq edir.

Digər uğurlu müəllimlərlə tanış olmaq, onlarla əlaqələr qurmaq üçün böyük bir fürsət yarandı. Yeni müəllimlər, yeni potensiallı və uğurlu həmkarlarla ünsiyyət qurduq. Hətta bəzən yaxın dost olduğumuz müəllimlərlə rəqib olduq. Bu isə aramızda xoş bir marafon yaratdı və bu marafonun müsbət nəticə ilə başa çatması çox sevindirici oldu.

176211

Bəzən müəllimlər deyir ki, “mənim uğurlarım var, amma ‘İlin gənc müəllimi’ olmadım”. Bu o deməkdir ki, hələ kifayət qədər deyil. Yetərli olmadığımızı düşünürüksə, bu, üzərimizdə daha çox çalışmağımız üçün bir səbəb olmalıdır.

Biz həm şagirdlərimiz üzərində, həm də bir müəllim kimi öz işimiz üzərində daim çalışmalı, şagirdlərə yol göstərməliyik. Digər həmkarlarımıza da dəstək olmalıyıq. Çünki müəllim həm istiqamət verən, həm şagirdlərdə inam yaradan, həm də gələcəyi quran insandır.

Bu ada layiq görülmək üçün müəllim hərtərəfli öz üzərində işləməlidir. Demək istədiyim əsas fikir budur: istəmək kifayət deyil, çalışmaq və bu ada layiq olmaq lazımdır".

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox