Müəllimlərin işə qəbulu dünyanın müxtəlif ölkələrində fərqli mexanizmlərlə həyata keçirilir.
Sistemlər arasında struktur və mərhələlər dəyişsə də, əsas məqsəd bütün ölkələrdə eynidir: müəllimlərin həm akademik biliklərinin, həm də pedaqoji bacarıqlarının keyfiyyətli şəkildə qiymətləndirilməsi və təhsil sisteminə peşəkar kadrların cəlb olunması.
AzEdu.az müxtəlif ölkələrdə müəllimlərin işə qəbul olunma qaydalarına diqqət çəkib:
İngiltərə
İngiltərədə dövlət məktəblərində müəllim kimi fəaliyyət göstərmək üçün əsas şərt Qualified Teacher Status (QTS) – “ixtisaslaşmış müəllim statusu” sertifikatına sahib olmaqdır. Xarici müəllimlər də bu status üçün müraciət edə bilirlər. Mövcud qaydalara əsasən, xaricdə təhsil almış müəllimlər müəyyən şərtlərlə məhdud müddət ərzində QTS olmadan da işləyə bilirlər. QTS müəllimlik fəaliyyətinin hüquqi əsasını təşkil edir və namizədlər sənədlərin yoxlanılması, akademik və pedaqoji uyğunluğun qiymətləndirilməsi, müsahibə və praktik dərs mərhələlərindən keçərək bu statusu əldə edirlər. Xarici müəllimlər üçün International Qualified Teacher Status (iQTS) – “Beynəlxalq ixtisaslaşmış müəllim statusu” proqramı alternativ yol kimi tətbiq olunur.
Fransa
Fransada dövlət məktəblərində müəllim qəbulu əsasən CAPES – “dövlət fənn müəllimliyi sertifikatı” və digər dövlət imtahanları vasitəsilə həyata keçirilir. Namizədlər yazılı və şifahi imtahan mərhələlərindən keçərək rəsmi pedaqoji sertifikat əldə edirlər. Müvəffəqiyyət qazanan namizədlər bir illik pedaqoji təcrübə dövründən sonra dövlət məktəblərində daimi fəaliyyətə başlayırlar. Xarici müəllimlər üçün isə dil köməkçisi proqramları (məsələn, TAPIF) alternativ imkanlar yaradır.
Yaponiya
Yaponiyada xarici müəllimlər üçün iki əsas yol mövcuddur: rəsmi dövlət müəllimliyi sistemi və JET Programme – “Yaponiyada Xarici Müəllimlər Proqramı”. JET proqramı çərçivəsində xarici müəllimlər əsasən ingilis dili tədrisində fəaliyyət göstərirlər. Dövlət müəllimi olmaq üçün isə ayrıca peşə imtahanları və ciddi seçim prosesi tətbiq olunur. Namizədlər bakalavr dərəcəsinə, dil bacarığına malik olmalı, motivasiya sənədləri və müsahibə mərhələlərindən keçməlidirlər.
Almaniya
Almaniyada müəllim olmaq üçün xarici və yerli diplomların rəsmi tanınması və Referendariat – “praktiki pedaqoji hazırlıq” mərhələsinin tamamlanması tələb olunur. Dövlət tərəfindən verilən sertifikat olmadan dövlət məktəblərində müəllim kimi işləmək mümkün deyil. Müəllim çatışmazlığı səbəbilə bəzi federal əyalətlərdə alternativ giriş modelləri tətbiq olunsa da, əsas sistem dəyişməz qalır.
Cənubi Koreya
Cənubi Koreyada xarici müəllimlər üçün EPIK (English Program in Korea) – “Koreyada İngilis Dili Proqramı” aktivdir. Namizədlərdən bakalavr dərəcəsi, çox zaman TEFL/TESOL – “İngilis dili müəllimi üçün beynəlxalq sertifikat”, müsahibə və sənəd yoxlanışı tələb olunur. Seçilmiş müəllimlər dövlət məktəblərində müqavilə əsasında çalışırlar.
Kanada
Kanadada müəllimlik fəaliyyəti üçün hər bir bölgədə ayrıca teacher certification – “müəllim sertifikatı” sistemi mövcuddur. Xarici müəllimlər diplomlarını tanıtdırmalı və müvafiq provinsiya sertifikatını almalıdırlar. Bu qayda dövlət məktəblərində işləmək üçün əsas şərt hesab olunur.
Avstraliya və Yeni Zelandiya
Avstraliyada müəllimlik üçün ştat və ərazi səviyyəsində teacher registration – “müəllim qeydiyyatı” tələb olunur. Xarici müəllimlər ixtisas tanınması, peşə uyğunluğu və viza prosedurlarından keçməlidirlər.
Yeni Zelandiyada isə NZ Teaching Council tərəfindən verilən sertifikatla müəllimlik mümkündür. Xarici müəllimlər akademik və pedaqoji qiymətləndirmə mərhələlərindən keçirlər.
Sinqapur
Sinqapurda müəllimlərin işə qəbulu MOE (Ministry of Education) – “Təhsil Nazirliyi” tərəfindən həyata keçirilir. Proses çoxmərhələlidir və nəzəri biliklərlə yanaşı praktik bacarıqların qiymətləndirilməsini də əhatə edir.
Zeynəb Tehranlı