Google 13 yaşına çatmaq üzrə olan uşaqlara valideyn nəzarətlərini necə söndürə biləcəklərini izah edən e-poçtlar göndərdiyinə görə “uşaqları manipulyasiya etməkdə” və valideyn səlahiyyətini zəiflətməkdə ittiham olunub. Məsələ beynəlxalq səviyyədə geniş müzakirələrə səbəb olub.
AzEdu.az xəbər verir ki, müzakirələr ABŞ mərkəzli onlayn təhlükəsizlik təşkilatı Digital Childhood Institute-un prezidenti Melissa McKay-in 12 yaşlı oğluna göndərilən Google e-poçtunu ictimailəşdirməsindən sonra başlayıb. Sözügedən e-poçtda uşağa 13 yaşına çatdıqdan sonra hesabını yeniləyərək daha çox tətbiq və xidmətə çıxış əldə edə biləcəyi bildirilib.
Melissa McKay iddia edib ki, e-poçtda valideyn razılığı olmadan nəzarət mexanizmlərinin ləğv edilməsi ilə bağlı keçidlər də yer alıb. O, Google-ı sərt tənqid edərək bildirib ki, texnologiya nəhəngi valideynləri “aşılması lazım olan müvəqqəti maneə” kimi təqdim edir və bununla da valideyn səlahiyyətini zəiflətməyə çalışır. Onun sözlərinə görə, bu yanaşmanın əsas məqsədi uşaqları məlumat və mənfəət naminə manipulyasiya etməkdir.
Məsələyə münasibət bildirən Böyük Britaniyanın uşaq müdafiəsi təşkilatı NSPCC də uşaqların bu cür vacib rəqəmsal qərarları təkbaşına verməsinin onları dezinformasiya və riskli onlayn mühitlər qarşısında daha həssas vəziyyətə sala biləcəyi barədə xəbərdarlıq edib.
Artan ictimai təzyiqlərdən sonra Google geri addım ataraq siyasətində dəyişiklik edəcəyini açıqlayıb. Şirkətin Məxfilik və Təhlükəsizlik Bölməsinin rəhbəri Kate Charlet LinkedIn hesabında verdiyi açıqlamada bildirib ki, bundan sonra 13 yaşına çatan uşaqların valideyn nəzarətini söndürməsi üçün rəsmi valideyn razılığı tələb olunacaq.
Yeni qaydalara əsasən, bu proses yalnız uşağın qərarı ilə deyil, ailədaxili razılaşma çərçivəsində həyata keçiriləcək. Google qeyd edib ki, dəyişikliklər valideynlər və yeniyetmələr özlərini hazır hiss edənədək nəzarət mexanizmlərinin aktiv qalmasını təmin edəcək.
Zeynəb Tehranlı