İnklüziv təhsil hər bir uşağın fiziki, intellektual, sosial və ya emosional xüsusiyyətlərindən asılı olmayaraq bərabər təhsil almaq hüququnu təmin edən yanaşmadır. Bu model fərqli ehtiyacları olan şagirdlərin ümumi təhsil mühitinə cəlb edilməsini, onların potensialının üzə çıxarılmasını və cəmiyyətə tam inteqrasiyasını məqsəd qoyur. İnklüziv təhsil tolerantlığın, qarşılıqlı hörmətin və sosial ədalətin formalaşmasında mühüm rol oynayır.
Maraqlıdır, 2025-2026-cı tədris ilində inklüziv təhsili neçə şagird cəlb olunub?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq MÜTDA-dan bildirilib ki, 2025-2026-cı tədris ilinədək ölkə üzrə 67 ümumi təhsil müəssisəsində inklüziv təhsil tətbiq olunub:
"2025-2026-cı tədris ilində isə əlavə olaraq 24 yeni müəssisə inklüziv təhsili həyata keçirir və bu müəssisələrdə 32 sağlamlıq imkanları məhdud şagird təhsil alır Hazırda ölkə üzrə ümumilikdə 91 məktəbdə inklüziv təhsilə cəlb olunmuş şagirdlərin sayı 429 nəfər təşkil edir".