Bazel Universitetinin alimləri antibiotiklərin bakteriyaları sadəcə zəiflədib-zəiflətmədiyini deyil, onları həqiqətən məhv edib-etmədiyini müəyyən edən yeni test üsulu hazırlayıblar.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, bəzi bakteriyalar antibiotiklərə qarşı "yatmış" vəziyyətə keçərək müalicədən sağ qala bilir və infeksiya dərman bitdikdən sonra yenidən aktivləşə bilər. Bu problem xüsusilə vərəm və aylarla davam edən digər ağır ağciyər infeksiyalarında ciddi çətinliklər yaradır.
Bazel Universitetinin Biotibb Departamentindən və xəstəxanasından olan doktor Lukas Böckün rəhbərlik etdiyi qrup “antimikrob tək-hüceyrə testi” adlanan yeni üsul hazırlayıb. Metod ənənəvi testlərdən fərqli olaraq, antibiotiklərin bakteriyaları nə dərəcədə effektiv məhv etdiyini ölçür.
Qabaqcıl mikroskopiya texnologiyası sayəsində milyonlarla fərdi bakteriya izlənilir və dərmanın onları öldürüb-öldürmədiyi bir neçə gün ərzində müəyyən edilir. Test vərəmə səbəb olan Mycobacterium tuberculosis və ağır ağciyər infeksiyasına səbəb olan Mycobacterium abscessus bakteriyaları üzərində sınanıb.
Nəticələr göstərib ki, dərman kombinasiyaları və xəstələrdən götürülmüş bakteriya nümunələri arasında ciddi fərqlər mövcuddur. Alimlər bu fərqləri bakteriyaların antibiotiklərə qarşı tolerantlığı ilə əlaqələndirirlər. Daha yüksək tolerantlıq müalicənin uğur şansını azaldır.
Yeni test üsulu klinik sınaqlar və heyvan modelləri ilə müqayisədə real müalicə nəticələrini yüksək dəqiqliklə proqnozlaşdırır. Alimlər hesab edirlər ki, bu yanaşma gələcəkdə həkimlərə hər bir xəstə üçün bakteriya ştammına uyğun antibiotik seçməyə imkan verəcək.
Hazırda üsul əsasən tədqiqatlarda istifadə olunur, lakin yaxın gələcəkdə xəstəxanalarda və əczaçılıq sənayesində tətbiqi mümkündür. Ekspertlər bildirirlər ki, bu metod həm yeni antibiotiklərin hazırlanmasında, həm də infeksiyaların daha effektiv müalicəsində mühüm rol oynaya bilər.
Zeynəb Tehranlı