Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Bu barədə AzEdu.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində yaxın günlər ərzində qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə olunacağı, əsasən dağlıq və dağətəyi rayonlara qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, temperaturun xeyli enəcəyi, bəzi yerlərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır:
"Belə ki, soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.
Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən vətəndaşlar şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməlidirlər. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur.
Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir".