Azedu.az

Direktor həm müəllim, həm menecerdir -“bu yük hamıya uyğun deyil”

Xəbərlər

9 Yanvar 2026, 17:03
Direktor həm müəllim, həm menecerdir -“bu yük hamıya uyğun deyil”

Son dövrlərdə tez-tez rast gəlinən xəbərlərdən biri də orta məktəb direktorlarının vəzifədən uzaqlaşdırılması və ya töhmət alması ilə bağlıdır. Xüsusilə ötən il bu cür hallar kifayət qədər çox olub. Bir sıra hallarda direktorların rüşvət tələb etməsi, müəllimləri təhqir etməsi ilə bağlı sosial şəbəkələrdə video və səslər yayılmışdı.

Bu vəziyyətdə sual yaranır ki, orta məktəblərdə direktor problemi nədən qaynaqlanır və bu cür halların əsas səbəbləri hansılardır?

AzEdu.az-a mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova danışıb.

Müsahibimiz qeyd edib ki, direktor həm pedaqoq, həm menecer, həm psixoloq, həm də hüquqi məsul şəxs rolunu eyni anda daşıyır:

"Bu mövzu əslində cəmiyyətin sinir ucuna toxunan məsələlərdəndir. Son dövrlərdə məktəb direktorları ilə bağlı yayılan xəbərlər təsadüfi deyil, amma bunu yalnız “fərdi pozuntular” kimi təqdim etmək də mənzərəni tam əks etdirmir.

Birinci növbədə açıq demək lazımdır ki, direktor problemi təkcə bizə xas deyil. Dünya təcrübəsinə baxanda da görürük ki, məktəb idarəçiliyi ən çətin və ən çox məsuliyyət tələb edən sahələrdən biridir. Direktor həm pedaqoq, həm menecer, həm psixoloq, həm də hüquqi məsul şəxs rolunu eyni anda daşıyır. Bu yükü daşımağa hazır olmayan, idarəetmə bacarığı zəif olan şəxslər sistemin içində gec-tez problem yaradır.

Bizdə yaranan əsas səbəblərdən biri uzun illər direktor vəzifəsinə daha çox inzibati və formal yanaşma ilə baxılması olub. Yəni yaxşı müəllim olmaq avtomatik olaraq yaxşı direktor olmaq demək deyil. Halbuki inkişaf etmiş ölkələrdə direktor seçimi ciddi liderlik, etik davranış, kommunikasiya və komanda idarəetməsi bacarıqları əsasında aparılır. Məsələn, Finlandiya, Estoniya və Böyük Britaniyada direktorlar mütəmadi qiymətləndirmədən keçir, etik pozuntuya isə sıfır tolerantlıq var".

Sosial şəbəkələrdə yayılan videolar cəmiyyət üçün ağrılıdır:

"İkinci mühüm səbəb insan faktorudur. Təəssüf ki, bəzi hallarda şəxsi maraqlar, səlahiyyətdən sui-istifadə, müəllim və valideynlərlə düzgün ünsiyyət qura bilməmək kimi hallar üzə çıxır. Sosial şəbəkələrdə yayılan videolar cəmiyyət üçün ağrılıdır, amma eyni zamanda bir həqiqəti göstərir: artıq bu cür davranışlar gizli qalmır. Bu isə əslində müsbət siqnaldır  sistem özü-özünü təmizləməyə başlayır.

Burada Elm və Təhsil Nazirliyinin mövqeyini də ədalətli şəkildə qeyd etmək lazımdır. Nazirlik son illər direktorların seçimi, qiymətləndirilməsi və fəaliyyətinə nəzarət mexanizmlərini xeyli gücləndirib. Müsabiqə yolu ilə təyinat, fəaliyyətin monitorinqi, şikayətlərin araşdırılması və zəruri hallarda sərt intizam tədbirlərinin görülməsi onu göstərir ki, bu hallara göz yumulmur. Vəzifədən uzaqlaşdırma və töhmətlər də məhz bu nəzarət mexanizmlərinin işlədiyinin göstəricisidir".

Direktorlar bəzən böyük təzyiq altında qalır: müəllim, valideyn, şagird, yerli icra, ictimaiyyət…

"Üçüncü məqam isə sistemin insanı tək buraxması riskidir. Direktorlar bəzən böyük təzyiq altında qalır: müəllim, valideyn, şagird, yerli icra, ictimaiyyət… Bu təzyiqi idarə etməyi bacarmayan rəhbər ya aqressivləşir, ya da yanlış yollara əl atır. Dünya təcrübəsində bu səbəbdən direktorlar üçün mentorluq, psixoloji dəstək və liderlik kouçluğu tətbiq olunur. Bizdə də bu istiqamətdə addımların atılması vacibdir.

Nəticə olaraq demək olar ki, problem nə yalnız direktorun özündədir, nə də tamamilə sistemdə. Bu, keçid dövrünün ağrılı mərhələsidir. Yaxşı tərəfi odur ki, artıq cəmiyyət susmur, nazirlik reaksiya verir və məsuliyyət mexanizmi işləyir. Məqsəd kimisə “ifşa etmək” yox, məktəbi sağlam, etik və təhlükəsiz idarə olunan bir mühitə çevirməkdir".

ABŞ-dən Xameneiyə SƏRT XƏBƏRDARLIQ - Vaxtın var, qaç!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox