Azedu.az

Bəzi müəllimlər tədris etdikləri fənni deməyə UTANIRLAR

Xəbərlər

8 Yanvar 2026, 13:32
Bəzi müəllimlər tədris etdikləri fənni deməyə UTANIRLAR

Bu il Tarix, Fiziki tərbiyə, Musiqi, Texnologiya və Təsviri incəsənət fənn müəllimləri ilk dəfə sertifikasiyaya cəlb olunacaqlar. Lakin Tarix fənni istisna olmaqla, bu fənnlərə məktəblərdə ciddi əhəmiyyət verilmədiyi müşahidə olunur. Bir çox hallarda şagirdlər bu dərs saatlarında hazırlıq məşğələləri ilə məşğul olur və ya ümumiyyətlə sözügedən fənlərə diqqət yetirilmir.

Qeyd olunan fənn müəllimləri sertifikasiyadan uğurla keçə biləcəklərmi?

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, bu gün elə müəllimlər var ki, texnologiya fənnini tədris etdiyini deməyə belə utanır:

"Təəssüf edirəm ki, fiziki tərbiyə, texnologiya, musiqi və təsviri incəsənət fənləri ilə bağlı bu kimi mövzular işlənmir. Ümumiyyətlə, təhsil prosesində əsas fənn anlayışını qəbul etmirəm. Hər bir fənnin öz məzmunu, kurikulum xətti və standartları var və həmin standartlar fərdin inkişafına birbaşa təsir edir. Ola bilsin ki, bizim modern qəbul qaydamıza görə təsviri incəsənət və ya musiqinin heç bir əhəmiyyəti yoxdur. Çünki musiqi fənni heç bir ixtisas qrupunda yoxdur. Amma bu fənnin öz kurikulumu var və bu da fərdin formalaşmasına köməklik edir, şagirdin təfəkkür və təxəyyülünün, həmçinin yaradıcılıq qabiliyyətinin inkişafına təsir göstərir".

Elmin Nuri əlavə edib ki, ilkin olaraq fənlərə olan baxışımızı dəyişdirməliyik:

"Mənə görə, fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət fənləri digərlərindən heç də geri qalmır. Elmi prinsiplərə və təhsildə tələb-təkliflərə görə, misal olaraq təsviri incəsənət fənnini fizika ilə müqayisə edə bilmərik. Hər iki fənnin öz prinsipi və yolu var. Eyni zamanda, bu fənlər cəmiyyətin ümumi baxışına görə nisbətən kənarda qaldığı üçün müəyyən anlaşılmazlıq yaranır.

Mənim tanıdığım fiziki tərbiyə, musiqi və texnologiya müəllimləri var ki, öz üzərlərində dayanmadan çalışırlar. Doğrudur, belə müəllimlərin sayı azdır, amma var. Hətta elə müəllimlər var ki, texnologiya fənnini tədris etdiyini deməyə utanır. Axı, nəyə görə utanasan ki? Bu fənn vacib olmasa, bizim təhsil proqramımızda olmazdı və kurikulum hazırlanmazdı. İşini sevməyən müəllim isə öz üzərində işləyə bilməz. Sözügedən fənni tədris edən müəllimlərə çağırış etmək istəyirəm ki, öz işlərini daha çox sevsinlər".

İranda GƏRGİNLİK ! Güneylilər ayağa qalxdı - Televiziya yandırılır
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox