2025-ci il ərzində respublika üzrə ümumilikdə 149 uşaq övladlığa verilib.
AzEdu.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 71-i qız, 78-i isə oğlan uşağıdır.
Həmçinin qeyd olunub ki, müvafiq sahədə səlahiyyətlər Nazirliyə həvalə edildikdən (2019-cu ilin noyabrından) bu günədək ailələrə verilmiş 3 uşağın övladlığa götürülməsi ləğv edilib. Həmin uşaqlardan 1-i qız, 2-si oğlandır.
Qurum xatırladıb ki, ölkəmizdə valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı həyata keçirilən tədbirlər onların ailə mühitində böyüməsinin təmin edilməsinə, hüquqlarının müdafiəsinə və sosial təminatının gücləndirilməsinə yönəlib. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən övladlığagötürmə fəaliyyəti və bir müddət əvvəl tətbiq edilən "Himayədar ailə" institutu vasitəsilə uşaqların sosial xidmət müəssisələrinə yerləşdirilməsi, eləcə də sosial dəstək mexanizmləri vasitəsilə ailə himayəsinə qaytarılması üzrə ardıcıl işlər görülür.