Azedu.az

Sosial media və valideyn müqayisəsi: kiçik yaşda böyük fəsadlar...

Xəbərlər

8 Yanvar 2026, 10:22
Sosial media və valideyn müqayisəsi: kiçik yaşda böyük fəsadlar...

Müasir rəqəmsal dünyada uşaqlar hər gün “ideal həyat” görüntüləri ilə qarşılaşır. Sosial mediada paylaşılmış mükəmməl ailə səhnələri, uğurlar və parlaq həyat görüntüləri onların baxış bucağında standart kimi formalaşır.

Eyni zamanda, valideynlərin bəzən fərqinə varmadan etdiyi müqayisələr uşaqların özünü dəyərləndirməsinə təsir edir. Bu görünməz fərqliliklər isə kiçik yaşlardan başlayaraq uşaqların davranışını, dünyagörüşünü və sosial münasibətlərini formalaşdırır, özünəinamını və emosional sabitliyini müəyyənləşdirir.

Sosial mediada formalaşan "ideal" obrazlar və valideynlərin övladlarını başqaları ilə müqayisə etməsi uşaqların psixologiyasında hansı zədələr yaradır və bu, onların gələcək həyatına necə təsir göstərir?

AzEdu.az-a mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova danışıb.

Psixoloq qeyd edib ki, sosial fərqlilik cəmiyyətdə insanların həyat tərzi, sosial statusu, peşəsi və digər xüsusiyyətləri əsasında formalaşır:

"İnsanlar həm sosial, həm də bioloji varlıqlar olduqları üçün bu fərqlər təbiidir. Lakin sosial fərqliliklərin ən həssas və təhlükəli şəkildə ortaya çıxdığı mərhələ uşaqlıq dövrüdür.

Uşaqlar arasında hətta 1-2 yaş fərqi belə valideynlərin yanlış münasibəti nəticəsində sosial fərqlilik yarada bilir. Valideynlərin bir uşağı “körpədir” deyə qoruyub, digərinə sərt reaksiya göstərməsi bacı-qardaş arasında erkən yaşlardan ayrılıq və qarşıdurma yaradır. Halbuki hər iki uşaq valideynin övladıdır və daha balanslı yanaşma mümkündür.

Kiçik yaşlarda oyuncağa, şirniyyata görə başlayan bu fərqlər zamanla böyüyür və məktəb dövründə davamlı müqayisələrə çevrilir. “Qardaşın daha ağıllıdır”, “bacın daha məsuliyyətlidir” kimi ifadələr uşaqlarda nifrət və kin hissi formalaşdırır. Bu isə gələcəkdə ciddi ailədaxili və sosial problemlərə, hətta cinayətə qədər gedib çıxa bilər".

Uşaqların dünyagörüşü həm ailədə, həm də rəqəmsal mühitdə düzgün yönləndirilməlidir:

"Sosial fərqliliklər əvvəlcə ailədə, sonra bağça və məktəbdə formalaşdığı üçün valideynlər daha məsuliyyətli davranmalıdırlar. Valideyn olmamışdan əvvəl və ya ikinci uşağa qərar verərkən “övladlarımla necə ünsiyyət qurmalıyam?” sualı verilməlidir.

Keçmişdə çoxuşaqlı ailələrdə sosial fərqliliklər qoyulmadan, paylaşma və doğmalıq hissi ilə uşaqlar sağlam böyüyürdülər. Bu gün isə tək böyüyən uşaqlarda paylaşma bacarığı zəifləyir, empati azalır və sosial əlaqələr qurmaq çətinləşir. İnsanları məhv edən ən təhlükəli amillərdən biri onların doğmalıq və paylaşma hissini öldürməkdir. Bu hisslər zəiflədikcə sosial fərqliliklər daha kəskin şəkildə ortaya çıxır.

Rəqəmsal mühitdə gördüyümüz “ideal həyat” sadəcə görüntüdür. İnsanlar bu görüntülərin arxasında duran zəhməti, çətinlikləri və prosesləri görmür. Məsələn, bir peşəyə yiyələnmək çox çalışmaq, öyrənmək və çətinlikləri aşmaq deməkdir, amma sosial mediada insanlar bunu görmür.

Buna görə də bəzən insanlar xaotik şəkildə qərarlar verir və yalnız görünən uğurlara baxaraq hərəkət edirlər. Nəticədə isə real həyatla sosial media görüntüsü arasında uçurum yaranır. Uşaqlar üçün rəqəmsal mühitdə aparılan sosial müqayisə onların dünyasını qarışdıra bilər. Buna görə valideynlər uşağın doğulduğu andan, hətta hamiləlik dövründən onunla hekayələr və nağıllar qurmalıdır. Bu hekayələrdə uşağın necə gözləntilə dünyaya gəldiyi, sevgi ilə böyüdüyü, necə qidalandığı və addım-addım yeriməyi öyrəndiyi vurğulanmalıdır. Beləcə uşaq başa düşür ki, hər şey təkcə görünən nəticə deyil, hər uğur bir prosesin məhsuludur və hər addım önəmlidir".

Zeynəb Tehranlı

Putin Zelenskini oğurlayacaq - Ardınca isə - Xəbəriniz Var?
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox