Azedu.az

“İlin gənc müəllimi” onu uğura aparan yol və gələcək hədəflərindən DANIŞDI

Xəbərlər

8 Yanvar 2026, 12:19
“İlin gənc müəllimi” onu uğura aparan yol və gələcək hədəflərindən DANIŞDI

“Azərbaycan müəllimi” qəzeti və AzEdu.az Təhsil Portalının birgə təşkilatçılığı ilə keçirilən "İlin gənc müəllimi" müsabiqəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən 10 müəllim qalib seçilib.

Müsabiqə nəticəsində öz fəaliyyəti ilə fərqlənən, eləcə müasir dərs metodları ilə keyfiyyətli və yaradıcı təhsil mühiti yaradan ən yaxşı 10 gənc pedaqoq mükafatlandırılıb.

AzEdu.az “İlin gənc müəllimi” müsabiqəsinin qaliblərinin təəssüratlarını sizinlə paylaşır.

İlk Növbədə Natəvan Fərzəliyevanın təhsili, müəllimlik fəaliyyəti, şagirdlərlə münasibəti və uğur yolunu sizlərə təqdim edirik.

N.Fərzəliyeva Naxçıvan Dövlət Universitetində Riyaziyyat və İnformatika üzrə təhsil alıb

"Mən, Naxçıvan Muxtar Respublikası, Ordubad şəhər M.T.Sidqi adına 1 nömrəli tam orta məktəbin riyaziyyat və STEAM müəllimi Fərzəliyeva Natəvan İntiqam qızıyam. Orta və tam orta təhsilimi fərqlənmə attestatı ilə bitirmiş, 2004-cü ildə 1-ci qrup üzrə qəbul imtahanında iştirak edib yüksək balla Ordubad rayonu üzrə “Rayon birincisi” olmuşam.

Naxçıvan Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsinin Riyaziyyat və İnformatika ixtisasını qırmızı diplomla bitirmişəm. 2008-ci ildən müəllimlik fəaliyyətimə başlamışam. Sertifikasiya imtahanında 51 bal toplamışam. Eyni zamanda STEAM təlimlərində iştirak etmiş, imtahanlarda uğurlu nəticələr göstərmişəm və STEAM dərslərini də tədris edirəm.

“İlin gənc müəllimi” adına layiq görülən gənc pedaqoq kimi fəaliyyətimin əsas istiqaməti riyaziyyat və STEAM təhsilinin şagirdlərin intellektual inkişafında oynadığı rolu praktik nəticələrlə təsdiqləməkdir. Müasir dövrdə riyaziyyat yalnız hesablamalar toplusu deyil; düşünmə mədəniyyəti, analitik yanaşma və problemlərin sistemli həlli bacarıqlarıdır. STEAM yanaşması isə bu bacarıqları elmi bilik, texnologiya və yaradıcılıqla birləşdirərək şagirdi gələcək çağırışlara hazırlayır".

“İlin gənc müəllimi” titulu yeni məsuliyyət mərhələsi deməkdir:

175772

"Tədris prosesində riyaziyyatı real həyatla əlaqələndirməyə və şagirdlərdə səbəb-nəticə əlaqəsini qurma vərdişini formalaşdırmağa xüsusi önəm verirəm. STEAM əsaslı dərslər vasitəsilə şagirdlər yalnız nəticəyə deyil, prosesə fokuslanmağı, səhvdən nəticə çıxarmağı və alternativ həll yolları tapmağı öyrənirlər. Bu yanaşma onların tənqidi düşünmə və yaradıcılıq potensialını üzə çıxarır.

Müəllimlik fəaliyyətimdə diqqət yetirdiyim məqamlardan biri də qarşılıqlı öyrənmə mühitinin formalaşdırılmasıdır. Təcrübə göstərir ki, bəzən bir şagirdin verdiyi sual və ya təqdim etdiyi fərqli yanaşma müəllimin mövcud fikirlərini yenidən nəzərdən keçirməsinə və müəyyən qənaətləri təsdiqləməsinə səbəb olur. Bu proses müəllim–şagird münasibətlərini daha sağlam və məhsuldar edir, dərsi canlı elmi müzakirə mühitinə çevirir.

“İlin gənc müəllimi” adına layiq görülmək mənim üçün yalnız fərdi uğur deyil. Bu titul riyaziyyat və STEAM təhsilinə olan yanaşmanın düzgünlüyünün təsdiqidir. Eyni zamanda gələcək fəaliyyətimdə daha geniş auditoriya üçün nümunəvi pedaqoji model təqdim etmək, təcrübə mübadiləsində aktiv iştirak etmək və təhsilin inkişafına töhfə vermək məsuliyyətini artırır".

Gələcək fəaliyyətdə əsas məqsəd riyaziyyat və STEAM təhsilinin keyfiyyətinin artırılmasıdır:

"Gələcək hədəflərim arasında STEAM əsaslı layihələrin genişləndirilməsi, riyaziyyatın tətbiqi yönümlü tədrisinin dərinləşdirilməsi və şagirdlərin beynəlxalq elmi platformalara hazırlanması xüsusi yer tutur. Məqsədim yalnız yüksək nəticələr əldə etmək deyil, öyrənməyi sevən, araşdıran və düşünən gənc nəsil formalaşdırmaqdır.

Fəaliyyətimdə əsas məqsəd riyaziyyat və STEAM təhsilinin keyfiyyətini yüksəltmək, şagirdlərdə analitik düşünmə, məntiqi yanaşma və problem həll etmə bacarıqlarını sistemli şəkildə formalaşdırmaqdır. Tədris prosesində innovativ metodların tətbiqini genişləndirmək, fənlərarası inteqrasiyanı gücləndirmək və riyaziyyatı real həyatla əlaqələndirmək prioritetlərimdəndir.

Eyni zamanda, buraxılış imtahanlarına hazırlıqda nəticəyönümlü və fərdi yanaşmanı inkişaf etdirmək, yerli və beynəlxalq olimpiadalara hazırlıq istiqamətində planlı və davamlı iş aparmaq əsas prioritetlərimdir. Məqsədim yalnız nəticə əldə etmək deyil, həm də elmi düşüncəyə malik, araşdıran və öyrənməyi sevən şagirdlər yetişdirməkdir.

Gələcək mərhələdə pedaqoji təcrübəmi bölüşmək, müəllimlər üçün metodiki dəstək və təlimlər keçirmək, eləcə də STEAM əsaslı layihələrin hazırlanması və tətbiqi üzərində işləməyi planlaşdırıram. Bu hədəflərim təhsilin inkişafına uzunmüddətli və dayanıqlı töhfə vermək niyyəti ilə müəyyən edilmişdir".

Digər müəllimlərə əsas tövsiyəm təhsilə daim inkişaf edən, canlı bir proses kimi yanaşmalarıdır:

"Müasir dövrdə müəllim yalnız bilik ötürən deyil, öyrənmə prosesini istiqamətləndirən və şagirdin potensialını üzə çıxaran əsas şəxsdir. Bu baxımdan, peşəkar inkişaf üzərində müntəzəm işləmək, yeni tədris metodlarını və innovativ yanaşmaları tətbiq etmək vacibdir.

Şagirdlərlə sağlam psixoloji və pedaqoji münasibətin qurulması tədrisin effektivliyində həlledici rol oynayır. Hər bir şagirdin fərdi xüsusiyyətlərini nəzərə almaq, onun suallarına və fərqli baxışlarına açıq olmaq müəllimin nüfuzunu və dərsin keyfiyyətini artırır. Təcrübə göstərir ki, bəzən şagirdin irəli sürdüyü fikir müəllimin öz mövqeyini təsdiqləməsinə və ya mövcud yanaşmanı daha da təkmilləşdirməsinə imkan yaradır.

Eyni zamanda, müəllimlərə tövsiyəm nəticəyə deyil, prosesə də önəm vermələridir. Yüksək nəticələr düzgün qurulmuş, ardıcıl və məqsədyönlü tədris prosesinin təbii nəticəsidir. Müəllimlik peşəsinə sevgi, məsuliyyət və vicdanla yanaşmaq isə uğurun ən əsas şərtidir".

İranda GƏRGİNLİK ! Güneylilər ayağa qalxdı - Televiziya yandırılır
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox