Alimlər ağız boşluğunda geniş yayılmış və əsasən diş çürüməsinə səbəb olan bir bakteriyanın Parkinson xəstəliyinin inkişafında rol oynaya biləcəyini müəyyən ediblər.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreyada aparılan yeni tədqiqat göstərib ki, bu bakteriya ağızdan bağırsaqlara keçərək sinir hüceyrələrinə zərər verə bilən toksik maddələr istehsal edir. Araşdırmaya əsasən, həmin maddələr qan dövranı vasitəsilə beyinə çataraq hərəkəti idarə edən neyronlara ziyan vurur.
Heyvanlar üzərində aparılan sınaqlar zamanı bu prosesin iltihaba, hərəkət pozğunluqlarına və Parkinson xəstəliyinə xas olan beyin dəyişikliklərinə səbəb olduğu müşahidə edilib.
Tədqiqat POSTECH-in Həyat Elmləri Departamentindən professor Ara Koh və doktorant Hyunji Parkın rəhbərliyi ilə həyata keçirilib. Araşdırmada həmçinin Sungkyunkwan Universiteti Tibb Məktəbindən professor Yunjong Li və doktorant Jiwon Cheon, eləcə də Seul Milli Universiteti Tibb Kollecindən professor Han-Coon Kim iştirak edib. Alimlərin əldə etdiyi nəticələr nüfuzlu Nature Communications elmi jurnalında dərc olunub.
Qeyd edək ki, Parkinson xəstəliyi titrəmə, əzələ sərtliyi və hərəkətlərin yavaşlaması ilə xarakterizə olunan geniş yayılmış nevroloji xəstəlikdir. Xəstəlik əsasən 65 yaşdan yuxarı insanların 1–2 faizində müşahidə olunur. Əvvəlki tədqiqatlar Parkinson xəstələrinin bağırsaq mikrobiotasının sağlam insanlardan fərqli olduğunu göstərsə də, bu fərqlərin dəqiq səbəbləri indiyədək tam aydın deyildi.
Yeni araşdırma ağız və bağırsaq sağlamlığının qorunmasının yalnız diş sağlamlığı üçün deyil, eyni zamanda beyin sağlamlığı üçün də mühüm əhəmiyyət daşıdığını ortaya qoyur. Alimlər gündəlik diş təmizliyinin və düzgün ağız gigiyenasının Parkinson kimi ciddi xəstəliklərin riskinin azaldılmasına töhfə verə biləcəyini vurğulayırlar.
Zeynəb Tehranlı