Qazaxıstan bu il təhsildə süni intellekti daha fəal şəkildə tətbiq etməyi planlaşdırır. Belə ki, şagirdlər üçün süni intellekt repetitorları yaradılacaq.
Maraqlıdır ki, bu yaxın gələcəkdə ölkəmizdə də reallaşa bilərmi? Ümumiyyətlə, bu valideynlər tərəfindən necə qarşılanar?
AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev açıqlama verib.
Müsahibimiz bildirib ki, robotlar əlavə xərcdir və bu sistemlərin hazır proqramlar vasitəsilə tətbiq olunması daha məqsədəuyğundur:
“Bu, onsuz da süni intellekt proqramlarının hazırda inkişaf etmiş ölkələrdə, xüsusilə də dəqiq fənlər üzrə tədris proqramlarının hazırlanmasında istifadə olunması ilə bağlıdır. Hətta həmin tədris proqramlarının xüsusi robotlar vasitəsilə tədris prosesində tətbiq olunacağı ehtimal olunur. Bunun praktiki nümunəsi keçən il Türkiyədə sınaq şəklində həyata keçirildi. Robot müəllim ona yüklənmiş proqram vasitəsilə sinfə daxil oldu, mövzunu tədris etdi və şagirdlərin suallarını cavablandırdı. Hətta müxtəlif tətbiq proqramlarının bu sistemlə birləşdirilərək müəyyən bir süni intellekt modelinin formalaşdırılması və bütün tədris fənləri üzrə proqramların robotlara yüklənməsi də mümkündür.
Mən düşünürəm ki, robotlar əlavə xərcdir və bu sistemlərin hazır proqramlar vasitəsilə tətbiq olunması daha məqsədəuyğundur. Robotun hazırlanması və ona proqramın yüklənməsi artıq əlavə yükdür. Bu, müəyyən mənada müəllim obrazı yarada bilər, lakin düşünürəm ki, süni intellekt proqramlarından daha çox müəllim köməkçisi kimi istifadə etmək daha səmərəli olar. Məsələn, ev tapşırıqlarının verilməsi istiqamətində və ya müəllim dərsdə mövzunu izah etdikdən sonra şagird evdə süni intellekt proqramı vasitəsilə həmin mövzunu yenidən təkrar edə bilər. Bu şəkildə tətbiq olunarsa, əlbəttə ki, təhsil sistemi üçün böyük uğur əldə edilə bilər”.
Ölkəmizdə də süni intellekt dərsləri artıq başlamalıdır:
“İbtidai sinifdən sonrakı mərhələdə, xüsusilə 5-ci siniflərdə şagirdlərimizi süni intellekt sahəsinə yönləndirməliyik. Ümumilikdə 5-8-ci siniflərdə texnologiyaya, texnoloji avadanlıqlara və sistemlərə maraq formalaşdırılmalıdır. Artıq bu gün hamımız bilirik ki, texnologiya dövründə yaşayırıq. Əgər dünyanın inkişaf etmiş ölkələri ilə ayaqlaşmaq istəyiriksə, mütləq şəkildə bu istiqamətdə tədris planlarımız hazırlanmalı və orta ümumtəhsil məktəblərində süni intellekt dərsləri tətbiq edilməlidir.
Əgər 5-6-cı siniflərdə şagirdlərdə bu sahəyə maraq formalaşarsa, yuxarı siniflərdə və ixtisas seçimi mərhələsində onların süni intellektə marağı daha da artar və ölkədə kifayət qədər mütəxəssis yetişmiş olar. Bunun təməli mütləq şəkildə orta ümumtəhsil məktəblərində qoyulmalıdır. Əgər bu dərslər orta məktəbdə tədris olunsa və ali təhsil müəssisələrində süni intellekt ixtisasları genişləndirilsə, 3-5 il sonra artıq inkişaf etmiş ölkələrlə ayaqlaşa və öz süni intellekt layihələrimizi hazırlaya bilərik.
Bu sahədə ölkəmizdə kifayət qədər potensiallı gənclər var. Mən sosial platformalarda süni intellekt proqramları hazırlayan gənclərimizi görmüşəm. Bu da onu göstərir ki, bu potensialı inkişaf etdirmək lazımdır. Ali təhsil müəssisələrində, eləcə də orta ümumtəhsil məktəblərində süni intellekt istiqaməti üzrə tədris proqramları əlavə edilməli və tədris prosesi mütləq şəkildə həyata keçirilməlidir”.