Cənubi Koreya alimləri müəyyən ediblər ki, piylənmə gənclər arasında miqren riskini artırır. Xüsusilə qarın nahiyəsində yağlanma bu riskin yüksəlməsində mühüm rol oynayır.
AzEdu.az xəbər verir ki, tədqiqatın nəticələri "Neurology" jurnalında dərc olunub.
Miqren dünyada ən çox rast gəlinən nevroloji xəstəliklərdən biridir. Xəstəliyin yaranmasında irsiyyət mühüm rol oynasa da, həyat tərzi ilə bağlı amillər də riskə ciddi təsir göstərir. Piylənmə artıq uzun müddətdir ki, miqren tutmalarının artması və şiddətlənməsi ilə əlaqələndirilir.
Araşdırma Cənubi Koreyanın demək olar ki, bütün əhalisini əhatə edən Milli Sağlamlıq Sığortası Xidmətinin məlumatları əsasında aparılıb. Tədqiqatın əvvəlində miqren diaqnozu olmayan 20-39 yaş arası 6.1 milyondan çox insan araşdırmaya cəlb edilib. İştirakçılar orta hesabla yeddi il ərzində izlənilib və yeni miqren halları qeydə alınıb.
Rutin tibbi müayinələr zamanı iştirakçıların boyu, çəkisi və bel ətrafı ölçülüb. Bu göstəricilər bədən kütləsi indeksinin, eləcə də abdominal piylənmənin (qarın nahiyəsində yağ yığılması) qiymətləndirilməsinə imkan verib. Təhlilin nəticələrinə görə, obez insanlarda miqrenin inkişaf riski normal çəkiyə malik şəxslərlə müqayisədə daha yüksəkdir. Bundan əlavə, qarın piylənməsi nə qədər ifadəli olarsa, miqren riski də bir o qədər artır.