Lənkəran Dövlət Universitetində (LDU) 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasına 29.12.2025-ci il tarixindən start verilib.
AzEdu.az xəbər verir ki, imtahan sessiyası əyani təhsilalma forması üzrə bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün 29.12.2025-ci il tarixdən 31.01.2026-cı il tarixinədək, qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyələrinin I, III, V tədris ili qrupları üçün 12.01.2026-cı il tarixdən 17.01.2026-cı il tarixinədək, II, IV tədris ili qrupları üçün 26.01.2026-cı il tarixindən 31.01.2026-cı il tarixinədək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilir.
LDU-nun rektoru, professor Natiq İbrahimov imtahanların gedişini izləmək məqsədilə bu gün universitetin tədris korpuslarına baş çəkərək vəziyyətlə əyani tanış olub, tələbələrlə söhbətləşib. Rektor professor-müəllim heyəti ilə görüşü zamanı onları tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və imtahanlarda şəffaflığın təmin edilməsi üçün bütün imkanlardan maksimum səmərəli istifadə etməyə çağırıb. İmtahanlarda tələbələrə və professor-müəllim heyətinə uğurlar arzulayan rektor Natiq İbrahimov imtahan sessiyasının davam etdiyi müddət ərzində prosesə gündəlik nəzarət edəcəyini bildirib.
Qeyd edək ki, LDU-da bütün fakültələr üzrə imtahanlar tələbələrin əvvəlcədən sərbəst seçdiyi günlər üzrə iki növbədə keçirilməklə, 1-ci növbə saat 09:00-dan 11.30-dək, ikinci növbə saat 14.00-daaan 16.30-dək təşkil olunacaq. Xatırladaq ki, universitetdə tələbələr özlərinin imtahan və kollokvium vaxtlarını seçməkdə tam müstəqildirlər. Tələbələr imtahan gününə qədər istənilən vaxt öz imtahan və kollokvium vaxtlarını elektron qaydada şəxsi kabinetlərinə daxil olaraq seçə və vaxtı dəyişə bilərlər. Hər hansı bir səbəbdən imtahanda və ya kollokviumda iştirak edə bilməyən tələbələr daha sonra elektron qaydada imtahan və kollokvium vaxtlarını dəyişə bilər, və ya tələbə seçdiyi imtahana gəlib imtahan suallarını alarkən öz fikrini dəyişib başqa fəndən imtahanı seçə bilər. Tələbə istəyinə uyğun olaraq imtahanlarını (kollokviumlarını) imtahan üçün ayrılmış müddətin əvvəlində, həmin müddətin sonunda, və ya imtahanlara daha yaxşı hazırlaşa bilmək üçün ayri-ayrı fənlərin imtahanları arasında interval saxlaya bilər. Bununla da tələbələrə təhsil trayektoriyasının, bilik-bacarıq səriştələrinin müəyyənləşdirilməsi zamanı tam sərbəstlik verilmişdir.
Artıq 4 ildir ki, Lənkəran Dövlət Universitetində tətbiq olunan bu sistem Azərbaycan ali təhsil müəssisələrində bir ilkdir. İmtahan nəticələrinin universitetin rəsmi saytında(www.lsu.edu.az) və tələbələrin şəxsi kabinetlərində operativ yerləşdirilməsi sessiya müddəti boyunca operativ təmin edilir. Həmçinin, tələbələrə bir gün öncədən imtahan vaxtlarını və otaqlarını xatırladan sms-lərin göndərilməsi təşkil edilib.
Sessiya dövründə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq və digər tədbirləri həyata keçirmək məqsədi ilə rektor Natiq İbrahimovun sədrlik etdiyi Operativ Qərargah yaradılıb(25-8-27-86; 25-8-54-18). Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların və şikayətlərin operativ olaraq araşdırılması və müvafiq qərar qəbul edilməsi məqsədi ilə yaradılmış Apellyasiya komissiyaları ilk gündən fəaliyyətdədir və imtahan gedən tədris korpuslarında onlar üçün müvafiq otaqlar ayrılıb.
Tələbələrin imtahanlara hazırlığının səmərəli təşkili üçün universitetin Elmi kitabxanası da gücləndirilmiş iş rejiminə keçirilib. Kitabxana hər gün saat 08.30- dan 17.30-dək fəaliyyət göstərir. Xatırladaq ki, universitetin Elmi kitabxanasında müasir oxu zalları və daim yenilənən elektron kitabxana tələbələrin ixtiyarındadır.