Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, hərbi-texniki təminatın inkişafı və milli müdafiə sənayesinin formalaşdırılması və modernləşdirilməsi istiqamətində fəaliyyət göstərən əsas dövlət qurumlarından biridir. Nazirlik tərəfindən qəbul edilən strateji qərarların effektivliyi isə birbaşa olaraq sənaye və inzibati rəhbər heyətin peşəkarlığı, idarəetmə bacarıqları və strateji baxış səviyyəsi ilə bağlıdır.
Nazir müavinlərinin təhsil yolu, ixtisaslaşma sahələri, mühəndislik, texniki və idarəetmə sahəsində akademik hazırlığı onların müdafiə sənayesində həyata keçirdikləri islahatların məqsəd və mahiyyətini düzgün qiymətləndirməyə imkan verir. Bu amillər həm hərbi məhsulların istehsalı və texnoloji inkişafın təmin olunmasında, həm də ölkənin uzunmüddətli müdafiə-sənaye strategiyasının formalaşdırılmasında mühüm rol oynayır.
AzEdu.az Təhsil Portalı nazir müavinlərinin təhsil həyatını araşdırır, onların professional hazırlığı barədə ümumi mənzərəni ictimaiyyətə təqdim edir.
Bu yazıda müdafiə sənayesi naziri Vüqar Mustafayevin müavinləri- Mehman Baxışov və Hidayət Əzimovun təhsil yolu və akademik fəaliyyətləri barədə məlumat hazırlanıb.
Mehman Abbas oğlu Baxışov 1959-cu il iyul ayının 28-də Abşeron rayonunun Altıağac kəndində anadan olub.
1974-cü ildə C.Naxçıvanski adına Hərbi Liseyə daxil olmuş, 1976-ci ildə həmin liseyi bitirib.
1976-cı ildə Xəzər Ali Hərbi Dənizçilik Məktəbinə daxil olmuş və 1981-ci ildə həmin məktəbin hərbi mühəndis-texnoloq fakültəsini bitirib.
1981-ci ilin iyul ayından 1985-ci ilin avqust ayınadək SSRİ Hərbi Dəniz Donanmasının Mərkəzi Kimya Anbarında Saxlama şöbəsinin rəisi vəzifəsində xidmət edib.
1985-ci ilin avqust ayından SSRİ Müdafiə Nazirliyinin Hərbi Nümayəndəliyində aparıcı mühəndis vəzifəsində xidmət edib.
1990-cı ilin noyabr ayından SSRİ Müdafiə Nazirliyinin Baş Hərbi Nümayəndəliyinin rəisi vəzifəsində xidmət edib.
1990-1991-ci illərdə Marşal Timoşenko adına Ali Hərbi Akademiyasının “SSRİ Müdafiə Nazirliyinin Hərbi nümayəndələr” ixtisası üzrə Rəhbər Mühəndislər Heyəti fakültəsini bitirib.
1992-ci ilin aprel ayından Azərbaycan Respublikası Müdafiə Nazirliyində Silah və Hərbi Texnika İdarəsində qərargah rəisinin müavini vəzifəsində xidmət edib.
1992-1993-cü illərdə Qarabağda gedən döyüşlərdə iştirak edib, çətin döyüş tapşırıqlarını yerinə yetirib. Qarabağ veteranıdır.
1992-ci ilin may ayından 1994-cü ilin yanvar ayınadək Müdafiə Sənayesi İdarəsində Baş hərbi nümayəndəliklər şöbəsinin rəisi vəzifəsində xidmət edib.
1994-cü ilin yanvar ayından 2019-cu ilin oktyabr ayınadək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Müdafiə Sənayesi İdarəsinin rəisi vəzifəsində xidmət edib.
2001-2002-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını “Strateji Tədqiqatlar və Dövlət Müdafəsini İdarəetmə Akademik” kursları;
2019-cu ilin noyabr ayından Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin (hərbi-texniki əməkdaşlıq üzrə) müşaviri vəzifəsində xidmət edib.
2020–ci il iyul ayının 7-də Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə müdafiə sənayesi nazinin müavini vəzifəsinə təyin edilib.
2008-ci il iyun ayının 25-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
2013-cü il iyun ayının 25-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilib.
2022-ci il fevral ayının 2-də “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
2024-cü il fevral ayının 2-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923-2023)"yubiley medalı ilə təltif edilib.
Hidayət Ağanəcəf oğlu Əzimov 1985-ci ildə Bakı şəhərində anadan olub.
2001-2005-ci illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alıb.
2005-2007-ci illərdə magistr dərəcəsinə yiyələnib.
2006-2007-ci illərdə yerli hüquq şirkətlərinin birində hüquqşünas vəzifəsində fəaliyyət göstərib.
2007-2018-ci illərdə “Atəşgah” Sığorta Şirkətində hüquqşünas, şöbə müdiri və İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışıb.
2018-2022-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit və konsaltinq şirkətlərindən olan “Ernst & Young CIS B.V” şirkətində hüquq xidmətlərinin rəhbəri vəzifəsində çalışıb.
2018-ci ildən etibarən Vəkillər Kollegiyasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 5 mart 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunub.