İranda davam edən ümumxalq etirazlarına müəllimlərin həmkarlar ittifaqları və bir sıra vilayətlərdə fəaliyyət göstərən əmək birlikləri də qoşulub.
AzEdu.az xəbər verir ki, İran mediasının məlumatına görə, qurumlar yaydıqları bəyanatlarda iqtisadi çətinliklər, sosial bərabərsizlik və hakimiyyət orqanlarının təzyiqlərinin kütləvi narazılığın əsas səbəbləri olduğunu bildiriblər.
Onların sözlərinə görə, artan inflyasiya, əmək haqlarının aşağı səviyyədə qalması və sosial təminat problemləri etiraz aksiyalarını qaçılmaz edib.
Etirazlara dəstək verənlər arasında 2020-ci ildə baş vermiş təyyarə faciəsində həlak olanların ailələri də var. Söhbət İran hava məkanında vurulan "Ukraine International Airlines" şirkətinə məxsus Boeing 737 tipli sərnişin təyyarəsindən gedir. Ailələr hakimiyyəti etirazların zorakılıqla dağıdılmasına və dinc vətəndaşlara qarşı güc tətbiqinə son qoymağa çağırıblar.
Məlumatlara görə, həmkarlar ittifaqları və ictimai birliklər etiraz aksiyalarının dinc xarakter daşıdığını vurğulayaraq, sosial-iqtisadi tələblərin dialoq yolu ilə həll olunmasını istəyiblər. Etirazların bir neçə vilayətdə paralel şəkildə davam etməsi ölkədə narazılığın daha geniş sosial təbəqələri əhatə etdiyini göstərir.