Azedu.az

Milli Qəhrəman Polad Həşimovun təhsil yolu...

Xəbərlər

2 Yanvar 2026, 09:15
Milli Qəhrəman Polad Həşimovun təhsil yolu...

Bu gün  Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun doğum günüdür.

AzEdu.az-ın məlumatına görə, Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. O, 1982-ci ildə Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olub və 1986-cı ilə qədər orada təhsil alıb. Yaşadığı ərazidə 33 nömrəli tam orta məktəbin inşa edilməsindən sonra o, 1986–1988-ci illərdə orada təhsil alıb. Polad Həşimov 8-ci sinifdə riyaziyyat üzrə olimpiadada II pillənin sahibi olub. 1988-ci ildə isə ərazidə daha bir təhsil ocağı - Mikayıl Müşfiq adına 34 nömrəli tam orta məktəb inşa edilib və Polad Həşimov təhsilini orada davam etdirib. 1992-ci ildə oradan məzun olub.

Səmayə Həşimova oğlunun hüquqşünas olmasını arzulayırdı. 1992-ci ildə Qarabağda şiddətli döyüşlərin olduğu bir dövrdə Polad Həşimov evə gəlir və hərbçi olmağı qərara aldığını bildirir. Anası çətin bir peşə olduğu üçün buna icazə verməsə də, atası artıq buna razılıq verib. Həmin ilin avqustunda Polad Həşimov sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verib.

1992-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul olan Polad Həşimov 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirib. 2014-cü ilin iyul ayında isə o, Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil oldu və 2016-cı ildə "hərbi idarəetmə" üzrə magistr dərəcəsi alıb.

Polad Həşimov döyüş bölgələrində Vətənimizin müdafiəsi uğrunda ona həvalə edilmiş əmr və tapşırıqları layiqincə yerinə yetirərək "general-mayor" ali hərbi rütbəsinədək yüksəlib.

2016-cı ilin Aprel döyüşlərində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə mükafatlandırılıb. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli sərəncamına əsasən, Polad Həşimov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 2019-cu il iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Polad Həşimova "general-mayor" ali hərbi rütbəsi verilib.

General-mayor Polad Həşimov 14 iyul 2020-ci il tarixdə Tovuz rayonunun qarşısında yerləşən düşmənin hücum cəhdlərinin və təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra general-mayor P.Həşimov "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.

İkinci Fəxri xiyabanda dəfn edilib.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox