Ankarada yaşayan Necla Özmen adlı qadın ABŞ Prezidenti Donald Trampın onun bioloji atası olduğunu iddia edib. O, 27-ci Ailə Məhkəməsində atalığın müəyyənləşdirilməsi ilə bağlı iddia qaldırıb. Özmen DNA testi götürülməsini tələb edib.
AzEdua.z Modern.az-a istinadən xəbər verir ki, iddia ərizəsində 1970-ci il təvəllüdlü olduğunu, rəsmi sənədlərdə Satı və Dursun Özmenin övladı kimi qeyd edildiyini bildirən Necla Özmen, onu böyüdən Satı Özmenin 2017-ci ildə əsl həqiqəti danışdığını qeyd edib. Onun sözlərinə görə, Satı Özmen xəstəxanada ölü uşaq dünyaya gətirib, eyni vaxtda doğuş edən və Trampdan hamilə qaldığını deyən Sofiya adlı qadının körpəsi isə ona verilib.
Məhkəmə 10 oktyabr tarixli qərarı ilə iddianı rədd edib. Qərarda qeyd olunub ki, ərizədə Trampın ata olması ilə bağlı heç bir konkret sübut təqdim edilməyib və bu, prosessual deyil, mahiyyətə aid çatışmazlıqdır. Bu səbəbdən iş üzrə araşdırma aparılmasının mümkün olmadığı bildirilib.
Qərardan narazı qalan Necla Özmen işi apellyasiya instansiyasına daşıdığını, eyni zamanda ABŞ səfirliyinə və ABŞ məhkəmələrinə müraciət etdiyini bildirib. Qadın Trampın onun atası olub-olmadığını öyrənmək istədiyini və DNA testi ilə bunun sübut edilə biləcəyini deyib.