Son illərdə gənclər arasında sürətlə artan kolon xərçəngi hallarının səbəbləri yalnız yetkinlik dövründəki həyat tərzi ilə bağlı deyil. Mütəxəssislər bildirirlər ki, bu risklərin əsası körpəlik və uşaqlıq dövrlərində qoyula bilər.
AzEdu.az xəbər verir ki, "Business Insider"də dərc olunan geniş araşdırmaya görə, dünya üzrə 50 yaşdan aşağı şəxslər arasında kolon xərçəngi halları ciddi şəkildə artmaqdadır. Alimlər bu tendensiyanı araşdırarkən həyatın erkən dövrlərinə aid amillərin xəstəliyin yaranmasında rol oynaya biləcəyini müəyyən ediblər.
Araşdırmaya görə, müasir həyat tərzinin bəzi xüsusiyyətləri həzm sistemi mikrobiyotasına uzunmüddətli təsir göstərir:
Antibiotik istifadəsi: Körpəlik və uşaqlıq dövründə lazımsız və ya tez-tez antibiotik qəbul etmək bağırsaqlardakı faydalı bakteriyaların azalmasına səbəb olur və gələcəkdə xroniki iltihab və xərçəng riskini artırır.
Qidalanma vərdişləri: Erkən yaşlarda işlənmiş qidaların və şəkərli içkilərin həddindən artıq qəbulu bağırsaqlarda zərərli bakteriyaların çoxalmasına və hüceyrə dəyişikliklərinə yol açır.
Ana südü: Doğum üsulu və ana südü ilə qidalanma müddəti insanın immun sistemi və bağırsaq sağlamlığının formalaşmasında mühüm rol oynayır.
Mütəxəssislər bildirirlər ki, gənc yaşlarda rast gəlinən kolon xərçəngi adətən daha aqressiv olur və xəstəlik çox zaman gec mərhələdə aşkarlanır. Qarın ağrısı, səbəbsiz çəki itkisi və bağırsaq vərdişlərindəki dəyişikliklər isə “gənclikdən belədir” deyərək diqqətsiz yanaşılmamalıdır.
Zeynəb Tehranlı